Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-20/2023 22.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyevin borclu “X1” MMC-nin adına aşkar edilmiş avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatını məhkəmə iclasında nəzərdən keçirərək, müəyyən etdi: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev təqdimatla məhkəməyə müraciət edərək, borclu “X1” MMC-yə məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev təqdimata əlavə verərək, borclu “X1” MMC-yə məxsus olan avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat əlavə edilmiş sənədlər onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2(119)-659/2021 saylı icra sənədi üzrə borclu “X1” MMC-dən 155000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq, tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bu icra sənədi 05 yanvar 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 aprel 2023-cü il tarixdə verdiyi 2-2(105)- 80/2022 saylı icra sənədinə əsasən borclu “X1” MMC-dən 145000 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar2 xeyrinə ödənilməlidir. Sözgedən icra sənədi 18 aprel 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Eyni zamanda, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 aprel 2023-cü il tarixdə verdiyi digər icra sənədinə əsasən borclu “X1” MMC-dən 15 may 2020-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 30000 manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 65 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Tələbkar2 xeyrinə tutulmalı, dövlət rüsumunun qalığı kimi 319 manat məbləğində pul vəsaiti isə dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Bu icra sənədi isə 19 aprel 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarlar qəbul olunaraq, surətləri bildirişlə bərabər icra sənədləri üzrə borclu “X1” MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu MMC könüllü icra müddətində icra sənədləri üzrə tələbləri təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş, nəticədə “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Mercedes 709 yük markalı, 1990-cı il buraxılışlı, ** AC *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz yük markalı, 1999-cu il buraxılışlı, ** AC *** dövlət qeydiyyat nişanlı, Mercedes Atego yük markalı, 1999-cu il buraxılışlı, ** AC *** dövlət qeydiyyat nişanlı, Mercedes Atego yük markalı, 2002-ci il buraxılışlı, ** AC *** dövlət qeydiyyat nişanlı, KİA RİO minik markalı, 2008-ci il buraxılışlı, ** AA *** dövlət qeydiyyat nişanlı, Nissan Patrol minik markalı, 2018-ci il buraxılışlı, ** AD *** dövlət qeydiyyat nişanlı, Kia Optima minik markalı, 2017-ci il buraxılışlı, ** AN *** dövlət qeydiyyat nişanlı, KİA RİO minik markalı, 2008-ci il buraxılışlı, ** AA *** dövlət qeydiyyat nişanlı, Mercedes Atego yük markalı, 1999-cu il buraxılışlı, ** AC *** dövlət qeydiyyat nişanlı, Mercedes Atego yük markalı, 1999-cu il buraxılışlı, ** AC *** dövlət qeydiyyat nişanlı, Daimler Chrysler yük markalı, 1998-ci il buraxılışlı, ** AC *** dövlət qeydiyyat nişanlı və Mercedes yük markalı, 1998-ci il buraxılışlı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin borclu MMC-nin mülkiyyətində olduğu müəyyən edilmişdir. İcra sənədləri üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Ona görə də, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkarlara, borcluya və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarların, borclunun, eləcə də, Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə baxışdan çıxarılmaqla, geri qaytarılmalıdır. Belə ki, sözügedən icra sənədləri Sumqayıt Kommersiya Məhkəməsi, eləcə də Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən mahiyyəti üzrə baxılaraq, həll edilmiş kommersiya mübahisələrinə dair işlər üzrə verildiklərindən təqdimata da aidiyyəti üzrə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Bu qanunda “məhkəmə” deyiləndə icra məmurunun olduğu yerin məhkəməsi nəzərdə tutulur, “icra məmurunun olduğu yerin məhkəməsi” deyiləndə isə yalnız ümumi yurisdiksiyalı məhkəmələr deyil, həm də icra məmurunun olduğu ərazi üzrə kommersiya məhkəmələri nəzərdə tutulur. Borclunun əmlakının üzərinə həbs qoyulması tədbiri məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat daxilində həll edildiyindən, məhkəmə qətnaməsinin (qərarının) icra olunması isə ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğundan bu tip təqdimatların aidiyyəti məhkəmə araşdırmasının məhz hansı məhkəmə (ümumi və ya ixtisaslaşmış məhkəmə) tərəfindən həyata keçirilməsindən, başqa sözlə qətnamənin (qərarın) hansı məhkəmə tərəfindən qəbul edilməsindən asılı olaraq müəyyən edilir. Göründüyü kimi icra sənədləri ixtisaslaşdırılmış məhkəmə və kollegiya tərəfindən verilsə də, bu hal rayon icra və probasiya şöbəsinin rəisi tərəfindən nəzərə alınmamış, o cümlədən sonuncu məcburi icra tədbirinin tətbiq edilməsi barədə icra sənədlərini verən məhkəmələri nəzərə almaqla, aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəməyə müraciət etməli olduğu halda, buna riayət etmədən təqdimatla ümumi məhkəməyə müraciət etmişdir ki, bu vəziyyətdə təqdimatın baxılması məqsədə müvafiq deyildir və istisna edilir. Beləliklə, təqdimatın verilməsinə əsas olan icra sənədləri kommersiya məhkəməsi və kommersiya kollegiyası tərəfindən verildiyindən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisinin təqdimatına aidiyyəti üzrə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, rayon icra və probasiya şöbəsinin rəisi hazırkı təqdimatla olduğu ərazi üzrə kommersiya məhkəməsinə, yəni Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 268-ci maddələrinə əsasən məhkəmə qəraraaldı: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyevin Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2(119)-659/2021 saylı, eləcə də Sumqayıt Apellyasiya Məhkəməsinin 10 və 19 aprel 2023-cü il tarixdə verdiyi 2-2(105)- 80/2022 saylı icra sənədləri üzrə borclu “X1” MMC-nin adına aşkar edilmiş avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatı və əlavə edilmiş sənədlər baxışdan çıxarılmaqla, geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №8(059)-20/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-20/2023
22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver