Məhkəmə qərarları › İş №8(059)-4/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-4/2023

01.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-4/2023 01.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X2 Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(059)-256/2019 saylı icra sənədi üzrə Borclu adına aşkar edilmiş əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasında baxaraq, müəyyən etdi: Siyəzən rayon İcra və probasiya şöbəsinin rəisi Elnur Piriyev məhkəməyə təqdimatla müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(059)-256/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “VAZ- 21093” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(059)-256/2019 saylı icra sənədinə əsasən Borclu 08 may 2019-cu il tarixdən başlayaraq, 06 sentyabr 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə və 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 (on) gün müddətində könüllü icrasını təmin etmək üçün borclulara bildiriş göndərilmiş, lakin, könüllü müddət ərzində tələb borclu tərəfindən təmin edilməmişdir. Bu səbəbdən də, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün elektron sistem vasitəsilə sorğu edilmiş, nəticədə elektron icra informasiya sistemində borclu barəsində məlumatlara əsasən Borclu mülkiyyətində “VAZ- 21093” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Ona görə də rayon İcra və probasiya şöbəsinin rəisi icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına aşkar edilmiş əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkara, borcluya və Siyəzən rayon İcra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, tələbkarın, eləcə də Siyəzən rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(059)-256/2019 saylı icra sənədinin surətindən görünür ki, Borclu 08 may 2019-cu il tarixdən başlayaraq, 06 sentyabr 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment alınaraq, Tələbkar xeyrinə, 30 manat dövlət rüsumu isə dövlət büdcəsinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi icra olunması üçün Siyəzən rayon İcra və probasiya şöbəsinə daxil olduqdan sonra onun icrasının təmin edilməsi məqsədilə müvafiq icra tədbirləri görülmüşdür. Təqdimata əlavə edilmiş sənədlərdən, o cümlədən Elektron Məhkəmə və Elektron icra İnformasiya sistemindən çıxarışlardan görünür ki, “VAZ-21093” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı, XTA210930P1275979 ban nömrəli avtomobilin Borclu adına qeydiyyata alındığı aşkar edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu icra sənədi üzrə borcunu icra etməmiş və hal-hazıradək tələbin icrası üçün heç bir tədbir görməyərək borcu ödəməkdən yayınmışdır. Təqdimata əlavə edilmiş Siyəzən rayon İcra və probasiya şöbəsinin 23 yanvar 2023cü il tarixli, 230/23 saylı məktubundan görünür ki, tələbkarın 17 yanvar 2023-cü il tarixli ərizəsinə əsasən borclunun ona 3996 manat aliment borcu vardır. Məhkəmə iclasında icra sənədinin icra olunmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi icra olunmamışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə iclasında müəyyən edildi ki, markası və dövlət qeydiyyat nişanlı qeyd edilən avtomobil mülkiyyət hüququ əsasında Borclu məxsusdur və mülkiyyət hüququ əsasında digər şəxslərin mülkiyyətinə keçməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(059)-256/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına olan “VAZ-21093” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.8, 50, 50.2, 50.5, 53-cü maddələrini və Azərbaycan Respublikasının MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(059)-256/2019 saylı icra sənədinin icrasının təmini məqsədi ilə xx xxxx 1980-ci il təvəllüdlü Borclu mülkiyyətində olan “VAZ-21093” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı, XTA210930P1275979 ban nömrəli minik avtomobilinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Siyəzən rayon İcra və probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN-in BDYPİ-yə tapşırılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar