Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-51/2022 21.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsi, böyük icra məmuru X1 iştirakı ilə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev təqdimatla məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(059)-11/2021 saylı icra sənədinin icra olunması üçün borclu Cavabdeh icra yerinə, Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev tərəfindən əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tələbkar İddiaçı borclu Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi barədə Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(059)-11/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi 05 mart 2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 (on) gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Cavabdeh icra sənədində göstərilən Siyəzən şəhərinin Xətai küçəsindəki 139 saylı evə göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara, çoxsaylı zənglərə, sonuncu dəfə isə 28 noyabr 2022-ci il tarixdə elektron sistemdə qeyd olunmuş əlaqə nömrəsi ilə əlaqə saxlanılmasına baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bundan əlavə, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Eyni zamanda, borclu Cavabdeh məcburi gətirilməsi haqqında 19 iyun 2022-ci il tarixdə qəbul edilmiş qərar onun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Ona görə də, rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsi, böyük icra məmuru X2 izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(059)-11/2021 saylı icra sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə göndərildikdən sonra icraata başlamaq haqqında qərar qəbul olunaraq Cavabdeh ünvanına 10 mart 2022-ci il tarixdə poçt vasitəsilə, eləcə də, 26 aprel 2022-ci il tarixdə borclunun Elektron informasiya sistemindən əldə olunmuş mobil nömrəsinə SMS bildirişi də göndərilmişdir. Bundan sonra, Cavabdeh istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılarkən sonuncu heç vaxt şöbəyə gəlməyəcəyini, icra sənədini qəti şəkildə icra etməyəcəyini bildirmiş, habelə bu barədə akt tərtib olunmuşdur. Bundan sonra, borclunun məcburi gətirilməsinə dair qərar qəbul edilməklə, sonuncunun ünvanına göndərilmişdir. Bundan əlavə, borclu Cavabdeh icra sənədinin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin ərizəsi rədd edilmişdir. Həmçinin, borclu Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(059)-11/2021 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, sonuncunun şikayəti təmin olunmamışdır. Bundan başqa, borclu etirazında ayrı-ayrı işləri birgə qeyd etsə, həmin işlər məzmunca bir-birindən fərqləndiyindən sonuncu məhkəmə tərəfindən hər bir iş üçün qarşısına qoyulmuş öhdəlikləri yerinə yetirməyə borcludur. Odur ki, Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(059)-11/2021 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, tələbkar gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməsə də, borclu Cavabdeh səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini qeyd edib, bu halın üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın və borclunun iştirakları olmadan baxılmasını mümkün saydı. Eyni zamanda, borclu Cavabdeh təqdimata etiraz etməsi barədə məhkəməyə ünvanlandığı ərizəsində göstərmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(059)-11/2021 saylı icra sənədinin icrasına möhlət verilməsi tələbinə dair ərizəsi üzrə çıxarılmış bu məhkəmənin 23 noyabr 2022-ci il tarixli qərardadından etdiyi şikayətə əlavələrinin qeyd olunmasını xahiş edir. Bundan əlavə, o, tələbkar tərəf olan sabiq direktor İddiaçı ona qarşı şər və böhtanları davam etdiyinə görə "şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirilməsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbi ilə Siyəzən Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, habelə həmin iddia ərizəsi icraata götürülməklə ilk hazırlıq iclası 18 yanvar 2023-cü il tarixinə təyin edilmişdir. Həmin sabiq direktor tərəfindən şərlənib işdən çıxarıldıqdan sonra o və ailəsinin nəinki respublikada, hətta rayonda işsizlikdən, mənəvi iztirablar çəkdiklərinin şahidi olmuşlar. Gec də olsa, haqq-ədalət öz yerini tapmış, 11 noyabr 2022-ci il tarixində iş fəaliyyətinə başlamışdır. Dərs saatları qeyri-qanuni azaldılsa da, indiki rəhbərlik bununla bağlı məhkəməyə müraciət etməsini bildirib, gələcəkdə qətnamə qəbul edildikdən sonra əvvəlki dərs saatları ilə təmin ediləcəyinə söz vermişdir. İnşallah, haqlı olduğu dərs saatlarında da müsbət nəticə olar. Müraciət etməkdə məqsədi o olmaqla yanaşı, möhlət hüququnun təmin edilməsini onunla əsaslandırır ki, icra sənədinin icrası ona qarşı edilən, həmçinin ailəsinə qarşı davam edən şər və böhtanların qarşısının alınması, maddi və mənəvi iztirablarına son qoyulması üçün, ümumilikdə qarşı tərəfə, eyni iddia tələbi üzrə açdığı məhkəmə prosesləri tam yekunlaşana kimi müvəqqəti olaraq dayandırılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(059)-11/2021 saylı icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə daxil olmuş, sabiq böyük icra məmuru tərəfindən 10 mart 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün müddət verilmiş, lakin, tələb könüllü icra edilməmişdir. Həmçinin, borclu çağırış üzrə icra sənədinin icrası yerinə qəsdən gəlməmiş, bu barədə edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Həmçinin, tələb könüllü icra edilmədiyindən müvafiq icra tədbirləri görülmüş, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi tərəfindən 19 iyun 2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, barəsində məcburi gətirilmənin tətbiq olunması xahiş edilən şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin rəisinin çağırışı ilə gəlməkdən, icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də təqdimat təmin edilməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Eyni zamanda, məhkəmə borclu Cavabdeh etiraz ərizəsində Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli icra sənədinin icrasına möhlət verilməsi barədə qeyd etdiklərinə münasibətdə bildirir ki, möhlət verilmə müstəsna hal olmaqla, bu müstəsnalığın müəyyənləşdirilməsi ayrıca məhkəmə araşdırması ilə həll edilir. Bundan əlavə, sözügedən məsələyə bu məhkəmənin əvvəlki, yəni 27 iyul 2022-ci il tarixli, 8(059)- 27/2022 saylı qərardadı ilə hüquqi münasibət bildirilməsi də nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Siyəzən şəhəri, Xətai küçəsindəki, 139 saylı evdə qeydiyyatda olan borclu Rəhbəri X3 Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(059)-11/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Siyəzən rayon icra və probasiya şöbəsinə və borclunun olduğu yer üzrə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №8(059)-51/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-51/2022
21.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver