Məhkəmə qərarları › İş №8(059)-9/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-9/2023

29.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-9/2023 29.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyevin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, müəyyənetdi: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(011)-8370/2019 saylı icra sənədinə əsasən Borclu 6225,5 manat pul tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi 06 avqust 2020-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və mülkiyyətində əmlak və pul vəsaiti aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmadığından, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görə də, şöbə rəisi təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkara, borcluya və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, tələbkarın və Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(011)-8370/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, Borclu Tələbkar xeyrinə cəmi 6225,5 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(011)-8370/2019 saylı icra sənədi üzrə 06 avqust 2020-ci il tarixdə icraata başlanılmış və Borclu tələbin könüllü olaraq icrası haqqında bildiriş göndərilmiş, lakin, tələbin icrası könüllü qaydada təmin edilməmişdir. Məhkəmə iclasında icra sənədlərinin icra olunmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi icra olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 12.1-ci maddəsinin tələbinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(011)-8370/2019 saylı icra sənədinin icrası üçün hər hansı bir tədbir görülmədiyindən, onun ölkədən getmək hüququ qeyd edilən icra sənədinin icrasını təmin etmək məqsədilə müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Tanrıverdiyev Azərbaycana Qarşı (şikayət № 33343/03)" 26 iyul 2007-ci il tarixli qərarından görünür ki, -Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması "araşdırmanın" ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. (bax Hornsbi Yunanıstana qarşı,xx.xx.1997-ci il tarixli qərar) - işdə yekun qətnamənin yerinə yetirilməsi üçün zəruri tədbirlər görməməklə, Konvesiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarını bütün faydalı səmərəsindən məhrum ediblər. (bax: Burdov s 37). Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub. Məhkəmə belə nəticəyə gəlir ki, borclunun ölkədən çıxması icra sənədlərinin icrasını mümkünsüz edər. Qanunvericilikdə göstərilən məhdudiyyətin qoyulması isə icra sənədlərinin icrasının təmin edilməsi üçün əsas yarada bilər. Şərh olunanlara əsasən, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. xx xxxx 1986-cı il təvəllüdlü, Siyəzən şəhəri, İ.Qayıbov küçəsindəki 14 nömrəli evdə qeydiyyatda olmaqla, yaşayan Borclu ölkədən getmək hüququ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(011)-8370/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrasına nəzarət Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar