Məhkəmə qərarları › İş №8(059)-97/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-97/2025

22.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-97/2025 22.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə, iddiaçı Tələbkar qızının cavabdeh Borclu qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(059)- 282/2019 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə Tələbkar ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i: Siyəzən Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(059)-282/2019 saylı qətnaməsi ilə hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 24 may 2003-cü il təvəllüdlü X1 və 29 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli, 2(059)- 495/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş və həmin qətnamə 06 avqust 2019-cu il tarixdə icraya yönəldilmiş, habelə Siyəzən rayon icra və probasiya şöbəsinin sabiq böyük icra məmuru Oktay Allahverdiyevin 08 avqust 2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Bundan sonra, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən sabiq böyük icra məmuru Oktay Allahverdiyevin 10 avqust 2021-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən sözügedən icra sənədi üzrə icraata xitam verilmişdir. Daha sonra, Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, borclu ilə aralarında razılıq əldə edildiyinə görə sözügedən qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata xitam verildiyini, borclunun hazırda razılaşmaya əməl etməyib, alimenti ödəmədiyini bildirməklə, həmin icra sənədinin icra olunması üçün yenidən Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Tələbkara, borcluya və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tələbkar, borclu, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, sonuncular gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin, Tələbkar elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, səhhəti ilə bağlı Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edib, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş edərək, ərizəsinin təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, tələbkarın və Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Tələbkar tərəfindən Siyəzən rayon icra və probasiya şöbəsinə ünvanlanmış 10 avqust 2021-ci il tarixli ərizənin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin sözügedən icra vərəqəsi üzrə icra sənədində qeyd olunan aliment borcu bu günədək və uşaqlarının yetkinlik yaşına çatanadək Borclu tərəfindən onun xeyrinə tam şəkildə ödənildiyi üçün Borclu barəsində aliment tələbinə dair heç bir şikayət və tələbi yoxdur və olmayacaqdır. Ona görə də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “İcra haqqında” qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Sözügedən Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Bu Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. X5 Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Eyni Qanunun 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara qaytarılır. Ərizədən, ona əlavə edilmiş sənədlərdən, eləcə də icra sənədinin bağlı olduğu mülki iş materiallarından da göründüyü kimi, Siyəzən Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(059)-282/2019 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin icrası tam təmin edilmiş, habelə bu hal Tələbkar 10 avqust 2021-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə təqdim etdiyi ərizəsində öz təsdiqini tapmışdır. Bu səbəbdən, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən sabiq böyük icra məmuru Oktay Allahverdiyevin 10 avqust 2021-ci il tarixli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(059)-282/2019 saylı icra sənədi tam icra olunduğuna görə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.7ci maddələrinə əsasən icra sənədi üzrə icraata xitam verilməklə sözügedən icra sənədi məhkəməyə qaytarılmışdır. Bununla da, məhkəmə qeyd edir ki, 01 iyul 2019-cu il tarixli, 2(059)-282/2019 saylı icra sənədi üzrə Tələbkar, sözügedən icra sənədi üzrə qeyd olunan aliment borcunun 10 avqust 2021-ci il tarixədək, habelə uşaqlarının yetkinlik yaşına çatanadək Borclu tərəfindən onun xeyrinə tam icra olunduğunu qeyd etməklə, bununla bağlı yazılı ərizəsini təqdim etdiyindən, habelə, birinci, onun ərizəsi əsasında, sözügedən icra sənədi üzrə böyük icra məmurunun qəbul etdiyi və hazırda qanuni qüvvədə olan icraata xitam verilməsi barədə qərarla razılaşdığından, xitam verilmiş icra sənədi üzrə isə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmədiyindən, Siyəzən Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(059)-282/2019 saylı icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün onun təkrar icraya yönəldilməsi istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(059)-282/2019 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə Tələbkar ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(059)-282/2019 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə Tələbkar ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar