Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1045/2025 19.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsinə dair Borclu şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu məhkəməyə müraciət edərək, 26 avqust 2025-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs icra məmuru Orxan Bağırov Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2994/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul etmişdir. Belə ki hazırki mübahisə üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2994/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilmiş və iddia tələbi qismən təmin edilərək Borclu 298000 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə borc alınaraq iddiaçı Tələbkar verilməsi müəyyən edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1661/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2994/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-1505/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1661/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra isə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən e- 2(060)-2994/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi verilmişdir. Hazırda Ali Məhkəmənin 2(102)-1505/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından əlavə kassasiya şikayəti vermişdir. Məlumdur ki, mülki prosessual qanunvericilikdə Ali Məhkəmənin qəbul etdiyi qərarlardan əlavə kassasiya şikayəti verilməsi imkanı nəzərdə tutulmuşdur. Əlavə kassasiya şikayəti nəticəsində isə bu yekun məhkəmə aktının ləğv edilməsi imkanı mövcuddur. Belə olan halda hazırki e-2(060)- 2994/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraat aparıla bilməz və həmin icra vərəqəsi üzrə icraat dayandırılmalı idi. Həmçinin AR "İcra haqqında” 17-ci maddəsində icraatın dayandırılmasının məcburi olduğu hallar göstərilmişdir. Bundan əlavə AR Konstitusiya Məhkəməsinin "AR Konstitusiyasının 129-cu maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2024-cü il tarixli qərarına əsasən “Nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir" deyə qeyd edilmişdir. Həmçinin sözügedən qərarda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi mülki məhkəmə icraatının xüsusiyyətlərindən irəli gələrək məhz mülki icraat zamanı icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması halını müəyyən edir. Göründüyü kimi, əlavə kassasiya şikayəti qaydasında məhkəmə qərarlarının ləğv olunması mümkündür və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir. Həmçinin Konstitusiya Məhkəməsinin qərarında da göründüyü kimi, "İcra haqqında" qanununun 17.1.7-ci maddəsi mülki məhkəmə icraatının xüsusiyyətlərindən irəli gələrək mülki icraat zamanı icranın məcburi dayandırılmasını nəzərdə tutur. Əlavə kassasiya şikayətinin verilməsi və ona baxılması mülki məhkəmə icraatının tərkib hissəsi hesab edilir. Belə olan halda, mənim də Ali Məhkəmənin 2(102)-1505/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından əlavə kassasiya şikayəti verdiyini nəzərə alsalar, o zaman e-2(060)-2994/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə dayandırılmalı idi. Lakin icra məmuru bunu nəzərə almamış və icraata başlamaq haqqında qərar qəbul etmişdir. Məhz bu hal Maraqlı şəxs icra məmuru Orxan Bağırovun xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının əsassız olduğunu göstərir və bu qərar ləğv edilməlidir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləmim 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Buna görə də məhkəmə təqdimata tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində aşağıdakı tələblər qeyd edilmişdir: 7.1. icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 7.2. Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. 7.3. Digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. 7.4. Məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Həmin Qanunun 8.2-ci maddəsinə görə İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə görə icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə görə tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Şikayət ərizəsinin dəlillərinə gəldikdə ərizədə icra sənədi üzrə icraatın dayandırılması tələb olunur. İcra sənədi üzrə icraatın dayandırılmasının tənzimləmə mexanizmi (qaydası və şərtləri) “İcra haqqında” Qanunda öz əksini tapmışdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: - 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; - 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; - 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; - 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; - 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; - 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; - 17.1.7. icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; - 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; - 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; - 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. Eyni Qanunun 19.1.3-cü maddəsinə əsasən bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Eyni Qanunun 21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 21.8-ci maddəsinə əsasən dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış qanunun tələblərinə görə icra sənədi üzrə icraatın dayandırılması əsasları müəyyən edilmişdir. Bu əsaslardan biri də icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icraatın dayandırılmasının məcburiliyi nəzərdə tutulmuşdur. Hazırki vəziyyətdə müəyyən olunur ki, borclu qanunun həmin əsasını rəhbər tutaraq, tərəflərindən aidiyyəti məhkəməyə müraciət olunduğunu qeyd edərək, həm icraatın dayandırılmasının zəruriliyinə istinad edir, həm də yekunda icraata başlamaq haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Borclu şikayətində qeyd olunan dəlillər icraata başlamaq haqqında qərarın ləğvi üçün əsas deyil. Belə ki, icra sənədi “İcra haqqında” Qanununun 7ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olduğundan icra məmuru icra sənədini qəbul etmiş və icraata başlamışdır. Bununla da icra məmuru icraata başlamaq haqqında qərar qəbul etməklə heç bir qanun pozuntusuna yol verməmişdir. Ərizəçi öz dəlilini onunla əsaslandırmışdır ki, əlavə kassasiya şikayəti nəticəsində yekun məhkəmə aktının ləğv edilməsi imkanı mövcud olduğundan icra məmuru tərəfindən icraatın aparıla bilməməsini və icra vərəqəsi üzrə icraatın dayandırılmasını göstərərk “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinə əsasən onun dayandırılmasını xahiş etmiş, yekunda isə icra sənədi üzrə icraata başlamaq haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin qeyd edilən dəlili ilə əlaqədar bildirir ki, icra sənədi üzrə icraatın dayandırılma halları qanunda dəqiq və təfsilatı ilə sadalanmışdır. Ərizəçinin sözügedən məhkəmə aktından şikayət verməsini və həmin şikayətin məhkəmənin icraataına qəbul edilməsini təsdiq edən sənəddə məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin qeyd etdiyi hal icraata başlamaq haqqında qərarın ləğv edilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının qəbul edilməsi qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edilmişdir və ərizədə qeyd edilən dəlillər onun ləğvi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu icraata başlamaq haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Maraqlı şəxs xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsinə dair Borclu şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №8(060)-1045/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1045/2025
19.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver