Məhkəmə qərarları › İş №8(060)-1056/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1056/2025

22.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1056/2025 22.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Tələbkar Borclu məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb:

1. Tələbkar Borclu məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3291/2018 saylı qətnaməsi ilə Borclu xx.xx.2017-ci il təvəllüdlü qızı X1 üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla borcludan tutulmalı olan alimentin minimum əmək haqqı məbləğinin (400 manatın) 1 misli məbləğində (400 manat) müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tələbin əsaslandığı hallar:

Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-3291/2018 saylı qətnaməsi ilə onun Borclu qarşı nikahın pozulması və sabit pul məbləğində alimentin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməklə ondan xx.xx.2017-ci il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə bir uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, o, uşağın maddi təminatında əziyyət çəkir.

Tərəflərin mövqeləri:

Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materialları :

Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-3291/2018 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Borclu ilə X5 arasında Sumqayıt “Asan” xidmət mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış, 961 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası X2 yanında qalması, 19 fevral 2018-ci il tarixdən etibarən xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında alimentin Borclu tutularaq X4 verilməsi qət edilmişdir.

Tətbiq edilən hüquq :

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi:

Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmənin mövqeyi :

Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq qeyd edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli olan pul məbləğlərinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğlərinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. İndeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-3291/2018 saylı qətnaməsi üzrə tutulmalı olan aliment məbləğinin indeksasiya edilməsini məhkəmədən xahiş etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 130 manat müəyyən edilmişdir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-3291/2018 saylı qətnaməsi qəbul edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 130 manat olmuşdur. Belə olan halda məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2018-ci ildə aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir.

Nəticə :

Beləliklə, məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-3291/2018 saylı qətnaməsi üzrə alimentin indeksasiya edilməsi barədə ərizə təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzər alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 (bir tam yüzdə on səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizə təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(060)-3291/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzər alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 (bir tam yüzdə on səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar