Məhkəmə qərarları › İş №8(060)-1102/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1102/2025

03.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1102/2025 03.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Tələbkar məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb:

1. Ərizəçi Tələbkar məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4540/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 20 iyul 2020-ci il tarixdən başlayaraq cavabdeh Borclu 07 noyabr 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin indeksasiyasının aparılmaqla yetkinlik yaşına çatmayan X1 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tələbin əsaslandığı hallar:

Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4540/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 07 noyabr 2017-ci il tarixdə anadan olmuş X2 14 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 034466 saylı doğum haqqında şəhadətnamədə verilmiş qrafasında Borclu göstərilməklə yeni doğum haqqında şəhadətnamə verilməsi, 29 iyul 2020-ci il tarixdən başlayaraq cavabdeh Borclu 07 noyabr 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmiş və icraya yönəldilmişdir. İş icra mərhələsində İcra haqqında Qanunun 23.1.1-ci maddəsinə əsasən müraciət etdiyi ərizə əsasında icra sənədi məhkəməyə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə müraciət etdiyi ərizə əsasında məhkəmənin 2(060)-4540/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi yenidən icraya göndərilmişdir. Qətnamə qəbul olunarkən, yəni 2020-ci ildə ölkə üzrə minimum əmək haqqı 250 manat təşkil etmiş, həmin 130 manat təyin olunduğu il üzrə minimum əmək haqqının 52 faizi, yəni 0.52 misli təşkil etmişdir (130x100/250=0/52). 2025-ci il yanvar ayının 01-dən etibarən isə ölkə üzrə minimum əmək haqqı 400 manata çatdırılmış və hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment də hazırki minimum əmək haqqına mütənasib olaraq indeksasiya edilməlidir.

Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu və Maraqlı şəxs icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materialları :

Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4540/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 29 iyul 2020-ci il tarixdən etibarən xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit pul məbləğində 170 manat, o, 3 yaşına çatana kimi 30 manat və Tələbkar hamiləliyi dövründə 30 manat alimentin hər ay Borclu tutularaq Tələbkar verilməsi, iddianın verilməsinə görə 21 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Tətbiq edilən hüquq :

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi:

Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

Məhkəmənin mövqeyi :

Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq qeyd edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli olan pul məbləğlərinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğlərinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. İndeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4540/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsi üzrə tutulmalı olan aliment məbləğinin indeksasiya edilməsini məhkəmədən xahiş etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 250manat müəyyən edilmişdir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4540/2020 saylı, 26 avqust 2020ci il tarixli qətnaməsi qəbul edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 250 manat olmuşdur. Belə olan halda məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği alimnetin tutulduğu 2020-ci il tarixdə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir.

Nəticə :

Beləliklə, məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4540/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsi üzrə alimentin indeksasiya edilməsi barədə ərizə qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzər alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 (sıfır tam yüzdə altmış səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizə qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4540/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 (sıfır tam yüzdə altmış səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar