Məhkəmə qərarları › İş №8(060)-1285/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1285/2025

04.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1285/2025 04.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin (tələbkar) nümayəndəsi X3, Borclu iştirakı ilə, Tələbkar "xxxx" Tikinti Firmasının Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 1994-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs hərəkətsizliyindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : "xxxx" Tikinti Firması şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli icra sənədinin icra edilməməsinə dair Maraqlı şəxs icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(060)-411/2025 saylı qərardadı ilə Sumqayıt şəhər İcra İdarəsinə yenidən qaytarılmış və bu iş üzrə yeni icra məmuru təyin edilmiş icra məmuru Bağırov Orxanın Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli 6 /2 - 728/1994 nömrəli məhkəmə qərarını icra etməyərək keçmiş məcburi köçkün İbadovlar ailəsini mənzildən çıxarmadığı və nəticədə "xxxx" Tikinti Firmasının xüsusi mülkiyyətində olan mənzilindən istifadə edə bilməməsi səbəbindən məhkəmə qərarının icrasını təmin etmək üçün icra məmuru Orxan Bağırovu məcbur etmə haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Qubadlı rayonundan məcburi köçkün olan Borclu və onun ailə üzvləri, yəni oğlu və gəlininin zəbt etdiyi ünvan 1 ünvanında olan mənzil Qartal Tikinti Firmasının xüsusi mülkiyyətindədir. Zəbt edilmiş mənzildən məcburi köçkünün çıxarılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli, 6/2- 728/1994 nömrəli məhkəmə qərarı icra edilmədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Maraqlı şəxs icra məmuru X2 16 sentyabr 2021-ci il tarixli qərar qəbul edərək, Sumqayıt şəhər məhkəməsinin xx.xx.1994-cü il tarixli məhkəmə qərarını icra edilmədən məhkəməyə qaytarmışdır. Qartal Tikinti Firması Sumqayıt Şəhər Məhkəməsinə 04 aprel 2025-ci il tarixli, 88 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Maraqlı şəxs icra məmuru X1 icraatında olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli məhkəmə qərarının icra edilmədən məhkəməyə qaytarılması barədə 16 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi xahişi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə № 8(060)- 411/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında aşağıdakı qərardadı ilə şikayət ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında Maraqlı şəxs 16 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. Məhkəmə qərarından apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. 02 iyun 2025-ci il tarixli, 8(60)-411/2025 saylı məktubla məhkəmənin qərarı icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. İş icra üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Maraqlı şəxsndə icra məmuru Orxan Bağırovun icrasına verilmişdir. Lakin 12 noyabr 2025-ci il tarixə kimi icra məmuru Orxan Bağırov ciddi bir tədbir görməmiş, onlarda olan məlumata görə o, mənzili zəbt etmiş Qubadlı rayonundan keçmiş məcburi köçkün ailəsi ilə sövdələşərək, onlan Qartal Tikinti Firmasının şəxsi mənzilindən çıxartmır. Qartal Tikinti Firması məhkəmə qərarının icra edilməməsi faktından Ədliyyə Nazirliyinə Respublika Prezidenti cənab İlham Əliyevə şikayətlər ünvanlanmışdır. Ədliyyə Nazirliyi Qubadlı rayonundan olan keçmiş məcburi köçkün ailəsinin Qartal Tikinti Firmasının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanından çıxarılmasına dair məhkəmə qərarının icra etməməsini 31 oktyabr 2025-ci il tarixli, 3-16- 4/2-M-6/2025- C-34128 saylı İcra Xidmətinin fiziki şəxslərlə iş şöbəsinin rəisi Pərvin Cabbarlının imzası ilə cavab məktubunda aşağıdakı kimi əsaslandıraraq, bildirmişdir ki: ”Borcluya yaşayış məntəqəsi ərazisindən yaşayış sahəsi təklif edildikdə, sizin həmin mənzilə köçürülməniz təmin ediləcəkdir”. "xxxx" Tikinti Firması şikayət ərizəsinə əlavə verərək icra məmuru Orxan Bağırova borclu haqqında İcra haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq etmək üçün protokol tərtib edib müvafiq Məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin (tələbkar) nümayəndəsi X6 şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq icra məmuru məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra xidmətinin Fiziki şəxslərlə iş şöbəsinin rəisi tərəfindən X4 ünvanlanmış məktubdan görünür ki, borcluya yaşayış məntəqəsi ərazisindən yaşayış sahəsi təklif edildikdə onların həmin mənzilə köçürülmələrinin təmin ediləcəyi, icra sənədinin icrasının nəzarətdə saxlanılmasının yerli icra qurumuna tapşırıldığı qeyd olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(060)-411/2025 saylı qərardadından görünür ki, şikayət təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında Maraqlı şəxs 16 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələblərinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında" Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli Qərarına əsasən "qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfinden qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr,.. çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 43-cü maddəsinə əsasən, icra məmuru icra sənədinin icrasını təmin etmək üçün məcburi icra tədbirlərini təmin etməlidir. "İcra haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətıni çıxarmaq, əlavə materlallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. İşin faktiki hallarından və hüquqi əsasladırmasından göründüyü kimi, Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 1994-cü il tarixli icra sənədini icra etməli olduğu halda uzun müddət ərzində hərəkətsizlik nümayiş etdirərək icra sənədinin icrasını təmin etmir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra xidmətinin Fiziki şəxslərlə iş şöbəsi tərəfindən göndərilmiş cavab məktublarında əks olunmuş - borcluya yaşayış məntəqəsi ərazisindən yaşayış sahəsi təklif edildikdə onların həmin mənzilə köçürülmələrinin təmin ediləcəyi kimi məlumatlar icra sənədinin icra edilməməsi üçün əsas kimi çıxış edə bilməz. Nəticə etibarilə ərizəçinin mülkiyyət hüququ, ədalətli məhkəmə araşdırması hüququ pozulmaqda davam edir. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 1994-cü il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Məhkəmə şikayətin Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(060)- 411/2025 saylı qərardadı ilə Sumqayıt şəhər İcra İdarəsinə yenidən qaytarılmış və bu iş üzrə yeni icra məmuru təyin edilmiş icra məmuru Bağırov Orxanın Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli 6 /2 - 728/1994 nömrəli məhkəmə qərarını icra etməyərək keçmiş məcburi köçkün İbadovlar ailəsini mənzildən çıxarmadığı və nəticədə "xxxx" Tikinti Firmasının xüsusi mülkiyyətində olan mənzilindən istifadə edə bilməməsi səbəbindən məhkəmə qərarının icrasını təmin etmək üçün icra məmuru Orxan Bağırovu məcbur etmə və icra məmuru Orxan Bağırova borclu haqqında İcra haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq etmək üçün protokol tərtib edib müvafiq Məhkəməyə göndərilməsi hissəsində münasibətdə hesab edir ki, şikayət bu hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 1994-cü il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 1994-cü il tarixli icra sənədi üzrə hərəkətsizliyi qanunsuz hesab edilsin. Şikayət qalan hissədə rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar