Məhkəmə qərarları › İş №8(060)-143/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-143/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-143/2024 29.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1459/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra üzrə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3801 ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1459/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X1 və Borclu 3640 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X1 və Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmiş, lakin borcllar tərəfində tələb olunan icra tam şəkildə təmin olunmamış və borclunun hazırda ödənilməmiş 3640 manat qalıq borcu təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3801 ünvanında yerləşən torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, işsizdir, "xxxx" ASC ilə aralarında borcun hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Təxmini 500 manata yaxın ödəniş etmişdir. Bununla bağlı ödəniş qəbzlərinin surətini təqdim etdi. Təqdimatın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat rədd edilməlidir. İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4182/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu X1 və Borclu 3640 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. - “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3801 ünvanında yerləşən torpaq sahəsi müəyyən edilmişdir. - Ödəniş qəbzlərinin surətindən görünür ki, borclu müxtəlif vaxtlarda ödənişlər etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinentinin 05 iyun 2020-ci il tarixli 89 saylı qərarına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Hazırki təqdimatı və materialları araşdırarkən, yuxarıda qeyd edilən Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3801 ünvanında yerləşən torpaq sahəsinin borclunun yeganə yaşayış yerinin olduğu müəyyən edilmişdir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən borclu həmin ünvanda qeydiyyatdadır və onun mülkiyyətində digər yaşayış və ya qeyri-yaşayış sahəsi mövcud deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2516 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3801 ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı rədd edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar