Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-176/2024 13.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, X2, X9, borclu X10 və Cavabdeh1 icra məmuru X3 iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli “icra sənədinin qaytarılması” barədə X2 və X4 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 və X9 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilmədən Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması barədə çıxarılmış, 16 dekabr 2023-cü il tarixli Qərarı əsassız hesab edərək ləğv edilməsini və icranın təmin edilməsi üçün işin Cavabdeh1nə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatına, Cavabdeh1 icra məmuru X5 tərəfindən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilmədən Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması barədə çıxarılmış, 16 dekabr 2023-cü il tarixli qərar daxil olmuşdur. Bu qərar, icra işi üzrə tələbkarlar olaraq onların mənafelərinə toxunur. Hesab edir ki, bu qərar əsassız və qanuna ziddir. Ona görə qəbul edilə bilməz və məhkəmə tərəfindən ləğv edilməlidir. Cavabdeh1 icra məmuru X5 məhkəməyə göndərdiyi qərarını onunla əsaslandırmağa çalışmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6488/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012ci il təvəllüdlü X6 babaları X15 və nənələri X9 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək analarının iştirakı olmadan görüşmələri müəyyən edilmişdir. Lakin icraat zamanı müxtəlif vaxtlarda görüş təyin edilsədə hər dəfə azyaşlı uşaqlar tələbkarlar olan baba və nənə ilə görüşməkdən imtina etmişlər. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə tərəflərin və psixoloqların iştirakı ilə görüş təyin edilmiş, azyaşlı uşaqlar hər dəfə olduğu kimi bu dəfə də görüşdən imtina etmişlər. Belə olan halda xx.xx.2021-ci il tarixdə müvafiq icra sənədi İcra haqqında qanunun 70.4-cü maddəsinə müvafiq olaraq məhkəməyə qaytarılmışdır. Lakin tələbkarlar tərəfindən mübahisələndirildiyi üçün Sumqayıt Şəhər Məhkəməsi qərarı ləğv edərək, icra hərəkətlərinin davam etdirilməsi üçün iş icra şöbəsinə qaytarılmışdır. Belə olduğu halda icranı təmin etmək üçün xx.xx.2022- ci il tarixdə tərəflərin iştirakı ilə görüş təyin edilmiş, lakin azyaşlı uşaqlar yenidən baba və nənələri ilə görüşdən imtina etmişlər. İcranı təmin etmək üçün borclu, yəni uşaqların anası T. Nəsirovanın inzibati məsuliyyətə cəlb edilməsi üçün, barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati cəza məhkəmə tərəfindən rədd edilmişdir. Beləliklə icra sənədinin icrası üçün bütün zəruri tədbirlər görülsədə müsbət nəticə əldə edilmədiyindən icra sənədinin yenidən məhkəməyə qaytarılması qərara alınmışdır. Göstərilən hallara görə Cavabdeh1 icra məmuru X5 tərəfindən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilmədən Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması barədə çıxarılmış, 16 dekabr 2023-cü il tarixli qərarı əsassız hesab edərək ləğv edilməsini və icranın təmin edilməsi üçün, işin Cavabdeh1nə qaytarılmasını xahiş edir. Belə ki, qeyd edildiyi kimi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6488/2019 saylı, xx.xx.2019-cu ıl tarixli qətnaməsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 babaları X15 və nənələri X9 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək analarının iştirakı olmadan görüşmələri müəyyən edilmişdir. Lakin, qətnamənin çıxarılmasından 5 ilə yaxın vaxt ötməsinə baxmayaraq, icrası bugünədək təmin edilmir. İşin icrasını təmin etmək üçün artıq üçüncü dəfə icra məmuru dəyişdirilsədə, onlar icraya ciddi yanaşmır, formal addımlar atmaqla vəzifələrini bitmiş hesab edirlər. Bu icranın həvalə edildiyi icraçı Ramil Babayev tərəfindən xx.xx.2022-ci il tarixidə icranın məhkəməyə qaytarılması barədə qərar qəbul edilmiş olsa da, məhkəmələr bu qərarla razılaşmayaraq, onu ləğv etmişdilər. Lakin, işin aparılması həvalə edilmiş yeni icra məmuru X5 görüş üçün yalnız bir dəfə cəhd göstərməklə icranı təmin etmək üçün heç bir digər real addımlar atılmadan, yenidən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6488/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinin icra edilmədən Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması barədə, 16 dekabr 2023-cü il tarixli qərar çıxarmışdır. Halbuki, P. Novruzovdan əvvəl bu məhkəmə qərarını icra edən icra məmuru Ramil Babayevin icra sənədinin məhkəməyə qaytarılması üçün göstərdiyi əsaslar artmamışdır. Heç bir yeni əsas əlavə olunmayıb. Bu əsaslarla R.Babayev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli Qərar, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə rədd edilmişdi. Bu qərardan icranı könüllü təmin etməyə borclu olan T.Nəsirova tərəfindən verilmiş apellyasiya şikayəti, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə rədd edilərək, birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Məsələ ondadır ki, İcra məmurları məsələyə düzgün yanaşmırlar. Nə, Ramil Babayev, nə Anar Hacıyev, nə də, icra şöbəsinin rəisi Fuad Nəbiyev icranı təmin etməkdə maraqlı deyildilər. Hazırkı icra məmuru Pərvanə Novruzova həmçinin onların yolu ilə gedir. Dəfələrlə xahiş və tələb etməyinə baxmayaraq, psixoloq, qəyyumluq və təhsil şöbələrinin iştirakı ilə birgə komissiya təşkil edilmir. Nəticədə uşaqların anası uşaqlara hər cür təsir göstərməkdə davam edir. Onun bu qanunsuz əməllərinin qarşısı alınmır. Sumqayıt şəhər və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarları dövlət adından çixarılıb və icrası məcburidir. Məhz icra şöbəsinin rəisi Fuad Nəbiyevin tutduğu səhv mövqe və yol verdiyi lazımsız hərəkətləri və görüşü düzgün təşkil etməməsi səbəbindən icra təmin olunmur. Uşaqlar ananın təsiri altından çıxarılmır. İcraçılar bu təsirdən uşaqları çıxara bilmir, acizlik göstərirlər. Pərvanə Novruzova qərarında yalnız bir əsas göstərir, “azyaşlı uşaqlar baba və nənəsi ilə görüşməkdən imtina edirlər”. Halbuki nəvələri azyaşlı uşaqlar deyil, yeniyetmə uşaqlardır. Onların baba və nənəsi ilə görüşdən imtinası üçün heç bir əsaslar yoxdur. Onları başa salan, düzgün istiqamətləndirən yoxdur. Ana uşaqları qəstən ata və onun qohumlarına qarşı təlimatlandırmışdır. Məhkəmə icraçılarının vəzifəsidir ki, bu asılılığı aradan qaldırsınlar. Yeniyetmə uşaqları başa salsınlar ki, onlar onların ən yaxın qohumları, babası və nənəsidirlər. Uşaqların onlarla görüşdən imtina etmələri üçün heç bir əsas mövcud deyildir. Uşaqlar onlarla görüşməyə borcludurlar. Bu hər birinin haqqıdır. Bu görüşlərə onların mənəvi tələbatları var. Lakin, faktlar belədir ki, uşaqların anası Təranə Nəsirova əli əyri, iş bacarmayan, tənbəl, əri ilə tez-tez dalaşan, uşaqları döyən, daim telefonla oynayan, uşaqlara qayğı göstərməyən, əsəbləşəndə qab-qacaqları, pəncərə şüşələrini sındıran bir qadın olub. Əslində uşaqlar analarının deyil daim onların himayələrində olmuşlar. Hazırda uşaqlar ananın himayəsinə verildiyindən və artıq uzun müddətdən bəri onun təsiri altında olduqlarından, ana onları ata qohumlarına qarşı istiqamətləndirib. Onlara qarşı mənfi münasibət formalaşdırıb. Nəzərə alınmalıdır ki, onun barəsində AR Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən məhkəmə hökmü də, vardır. Borclu T.Nəsirova uşaqların gözündə onlara qarşı pis nənə, baba və ata obrazı yaradıb. Əslində belə deyil. Onlar nəvələrini çox istəyirlər, sevirlər. Təəssüf ki, məhkəmə icraçıları öz vəzifələrinə səhlənkar yanaşır onların nəvələri ilə görüşləri baş tutması üçün zəruri olan addımları atmırlar. Uşaqlar, “nənə və babası ilə görüşdən imtina edirlər", deməklə vəzifələrini bitmiş hesab edirlər. Əslində isə onlar mümkün olan bütün qanuni vasitələrdən istifadə etməklə icranı təmin etməyə borcludurlar. Onların nəvələri ilə heç bir münaqişələri yoxdur. Uşaqlar onlarla görüşdən nəyə görə imtina etməlidirlər. Şübhə yoxdur ki, onları anaları istiqamətləndirir, onlara qarşı silahlandırır. Məhkəmə icraçılarının vəzifəsi uşaqları analarının zərərli təsirindən azad etmək və onlarla görüşü təşkil etməkdir. Məhkəmədə tələbkar S.Ə.Nəsirov və A.H.Nəsirova eyni məzmunlu izahat verərək icra sənədinin icra edilməsi üçün icra məmurunun qərarının ləğv edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə borclu X12 ərizəni əsassız hesab edərək bildirdi ki, icra sənədinin qaytarılması haqqında qərar tam qanuni və əsaslıdır. Həmin qərarın ləğv edilməsinə heç bir hüquqi əsas yoxdur. Belə ki, övladlarını sözügedən icra sənədinin icrası ilə əlaqədar dəfələrlə tələbkarlarla görüşə aparsa da, uşaqlar onlarla qəti surətdə görüşmək istəmirlər. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Uşaqlar artıq on yaşlarını keçmişlər. Onlar öz şəxsi istək və maraqlarına uyğun davranırlar. O, icra sənədinin icrasından yayınmamışdır. Lakin uşaqlar tələbkarlarla görüşmək istəmirlər. Belə olan halda icra məmurunun icra sənədinin geri qaytarılması haqqında qərarı qanuni və əsaslıdır. Bu səbəbdən ərizəni əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 icra məmuru X5 ərizəni əsassız hesab edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488\2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 babaları X15 və nənələri X9 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək cavabdehin iştirakı olmadan görüş vaxtı müəyyən edilməlidir. İcraat zamanı dəfələrlə tələbkarların azyaşlı uşaqlarla görüşməsi üçün icra prosesi təyin edilmiş, lakin hər dəfə uşaqlar baba və nənələri ilə görüşməkdən imtina etmişlər. Bu barədə müvafiq aktlar tərtib edilmiş, eyni zamanda psixoloqun rəyi alınmışdır. Eyni zamanda borclu barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunmuş və məhkəmə qərarı ilə borclu barəsində olan inzibati xəta haqqına işə xitam verilmişdir. İcra sənədi üzrə bütün icra tədbirləri həyata keçirilmişdir. Hazırda geri qaytarma qərarı qüvvədə olduğu üçün tərəflər arasında görüş keçirdə bilmir. Qərardad çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə azyaşlılar X11 və X13 anaların iştirakı ilə ifadə verərək, baba və nənələri tərəfindən onların gözü qarşısında analarına qarşı şiddət gördükləri üçün onlarla görüşmək istəmədiklərini bildirdilər. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 babaları X15 və nənələri X9 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək cavabdehin iştirakı olmadan görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” qərarın surətindən görünür ki, icraat zamanı dəfələrlə tələbkarların azyaşlı uşaqlarla görüşməsi üçün icra prosesi təyin edilmiş, lakin hər dəfə uşaqlar baba və nənələri ilə görüşməkdən imtina etmişlər. Bu barədə müvafiq aktlar tərtib edilmiş, eyni zamanda psixoloqun rəyi alınmışdır. İcra sənədinin icrası məqsədi ilə bütün zəruri tədbirlər görülsə də, müsbət nəticə əldə edilmədiyindən hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488\2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra olunmadan Sumqayıt Şəhər Məhkəməsinə geri qaytarılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, ərizə təmin edilərək, Cavabdeh1 icra məmuru X1 icra edilmədən geri qaytarılması barədə 16 dekabr 2022-ci il tarixli qərarı ləğv edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu Nəsirova (Rüstəmova) Təranə Rafiq qızının şikayəti təmin edilməmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2711/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Bu Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi biləvasitə müvafiq qərar çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair hüquqi mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Homşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Məhkəmə araşdırmanın nəticələrinə əsaslanaraq, tələbkarın icra sənədinin icrasını tələb etməsini və icra sənədinin tam icra olunmamasını nəzərə alaraq hesаb edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması barədə Cavabdeh1 icra məmuru X3 16 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Cavabdeh1 icra məmuru X3 icra sənədinin icra edilmədən geri qaytarılması barədə 16 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6488/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №8(060)-176/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-176/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver