Məhkəmə qərarları › İş №8(060)-177/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-177/2024

16.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-177/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3674/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra üzrə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 2048B ünvanında yerləşən ümumi sahəsi 0,06 hektar torpaq sahəsi üzərinə həbs qoyulub açıq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3674/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular X6, X3 və X1 müştərək qaydada 5024 (beş min iyirmi dörd) manat 18 (on səkkiz) qəpik əsas borc, 8 (səkkiz) manat 12 (on iki) qəpik cari faiz borcu olmaqla, cəmi 5032 (beş min otuz iki) manat 30 (otuz) qəpik məbləğində borcun və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2023-cü il tarixdə idarənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Daha sonra müvafiq orqanlara sorğular verilmiş və Borclu adına Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 2048B ünvanında yerləşən ümumi sahəsi 0,06 hektar torpaq sahəsi aşkar olunmuşdur. Belə olan halda öhdəlik yerinə yetirilmədiyi üçün və tərəflər arasında razılıq olmadığından tələbin təmin edilməsi məqsədilə borclunun xüsusi və ya ümumi mülkiyyətində olan əmlaklar üzərinə həps qoyula bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3674/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclular Borclu, X4 və X1 müştərək qaydada 5024 (beş min iyirmi dörd) manat 18 (on səkkiz) qəpik əsas borc, 8 (səkkiz) manat 12 (on iki) qəpik cari faiz borcu olmaqla, cəmi 5032 (beş min otuz iki) manat 30 (otuz) qəpik məbləğində borcun və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə ödənilməlidir. - “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu məxsus olan 14394970 qeydiyyat nömrəli Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 2048B ünvanında yerləşən ümumi sahəsi 0,06 hektar torpaq sahəsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakına üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri sırasına daxildir. Bu Qanunun 45.1-ci maddəsin əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Qeyd edilən Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə işin hallarını obyektiv, hərtərəfli, tam və qərəzsiz araşdırıb tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, qeydiyyat nömrəsi 14394970 olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 2048B ünvanında yerləşən ümumi sahəsi 0,06 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Belə ki, tələbin əmlaka yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi «İcra haqqında» və «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanunları ilə tənzimləndiyindən və həmin məsələnin həlli icra məmurunun səlahiyyətinə aid olduğundan təqdimat həmin hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1459/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan qeydiyyat nömrəsi 14394970 olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi 2048B ünvanında yerləşən ümumi sahəsi 0,06 hektar torpaq sahəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar