Məhkəmə qərarları › İş №8(060)-192/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-192/2025

27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-192/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:

1. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir.

2. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(060)-2261/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1994-cü ildə anadan olmuş və Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 7, mənzil 62 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 4128.7 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir.

3. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir.

4. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün onlar tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir.

5. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır.

6. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

7. Ona görə də Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunur.

Tərəflərin izahatı:

8. Tələbkar MMC-nin nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhəmədən təqdimata iştirakları olmadan baxılmasını və təmin edilməsini xahiş etmişdir.

9. Borcluya və təqdimat vermiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında heç bir tərəf iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Konstitusiyası:

129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

129. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

10. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası: 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

11. İcra Haqqında Azərbaycan Respublikası Qanunu: 84-1.1. məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2013 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”: 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasınınadını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. 2.3. Aşağıdakı hallar mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir: 2.3.1. icra sənədi üzrə icraatın dayandırılması və ya onun icrasına möhlət verilməsi barədə məhkəmə qərarı olduqda; 2.3.2. icraatın təxirə salınması haqqında icra məmuru qərar qəbul etdikdə; 2.3.3. tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət etdikdə; 2.3.4. icra sənədində nəzərdə tutulan tələbin aydın olmaması ilə əlaqədar icra məmuru həmin sənədə izah verilməsi üçün məhkəməyə müraciət etdikdə; 2.3.5. Tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda. 2.4. Təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur.

İşə baxan məhkəmənin mövqeyi:

13. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri (məhkəmə tərəfindən icra işi tələb olunmuş, lakin icra işi məhkəməyə təqdim olunmamışdır) araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir.

14. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən tədbirlər görülə bilər.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar).

16. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı işüzrə 1997-ci il 19 mart tarixli Qərar)

17. Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da eyni mövqeyini təkrarlayaraq yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.)

18. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

19. Məhkəmə baxışı zamanı borclunun icra sənədini icra etməməsi öz təsdiqini tapdığından, eyni zamanda mülkiyyətində hər hansı əmlakın, əmək haqqının olması halı aşkarlanmadığından məhkəmə təqdimatı təmin edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını mümkün hesab edir.

20. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263-264cümaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Təqdimat təmin edilsin.

2. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.1994-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın.

3. Qərardadın icrası Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar