Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-215/2025 11.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, X1 Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5967/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasına möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5967/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X3 xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 290.26 manat, dəbbə borcu 15 manat olmaqla, ümumilikdə 305.26 (üç yüz beş manat iyirmi altı qəpik) manat pul məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdeh X3 tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alınmış və icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 5967/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qətnaməsinin tam icra olunması üçün ona 6 ay möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 5967/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X3 xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 290.26 manat, dəbbə borcu 15 manat olmaqla, ümumilikdə 305.26 (üç yüz beş manat iyirmi altı qəpik) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdeh X3 tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və iş üzrə icra vərəqəsi verilmişdir. İşin icrası Sumqayıt Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Məmmədova həvalə edilmişdir. Hesab edir ki, həmin qətnamənin icrasına möhlət verilməlidir. Qətnamənin hazırda icra olunmasına maddi durumu imkan vermir. Belə ki, o, heç bir yerdə işləmir və gəliri yoxdur. Himayəsində üç övladı vardır. Aldığı aliment isə cəmi 450 manat təşkil edir ki, bu da üç uşağa çatmır. Hazırda onun işlə təmin edilməyi gözlənilir. Bu ona maddi durumunu normallaşdırıb borcun ödənilməsini təmin etməyə imkan verəcəkdir. Buna görə ona altı ay müddət lazımdır. Qeyd edir ki, 333 manat borcdan 17 manat ödəniş etsə də yerdə qalan 315 manat borcu ödəyə bilməmişdir. İcra məmuru ona möhlət verilməsi ilə bağlı şifahi müraciətlər etsə də nəticəsi olmamışdır. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Həmçinin hesab edir ki, Sumqayıt Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Məmmədov hazırki işə maraqlı şəxs qismində dəvət olunmalı və icra işinin materialları məhkəməyə təqdim edilməlidir. Tələbkar İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığından məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra idarəsinin icra məmuru və ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə ərizədə qeyd olunan məsələnin Sumqayıt şəhər İcra idarəsinin icra məmurunun və ərizəçinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hesab edir ki, X1 verdiyi ərizə əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Belə ki, işin məhkəmə iclasında araşdırılması zamanı X2 ərizəsində istinad etdiyi hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qənaətinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını mümkünsüz edən halları təsdiq edən dəlillər məhkəməyə təqdim olunmadığından, həmçinin tələbkarın mənafeyi baxımdan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 5967/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1 ərizəsi təmin edilməməlidir. Məhkəmə müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. (MPM 231.1, 231.5). Məhkəmə hesab edir ki, X1 qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizəsində qeyd etdiyi xüsusatların qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından bilərəkdən qəsdən yayınmaq məqsədi daşıyır. Bu isə tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiə müddətinin uzadılması ilə, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasına göstərdiyi səhlənkarlıqları müstəsna hal kimi qiymətləndirməklə, səhlənkarlığının nəticəsi olaraq icra proseduruna yaranmış çətinliklərin tələbkarın hüquqlarının məhdudlaşdırılması nəticəsində həll olacağı nəticəsinə gəlir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu qərlarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən Plenum Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqdadır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263 və 267-269-cu maddələrini rəhbər tutaraq, qərarverdi: X1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-5967/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-215/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-215/2025
11.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver