Məhkəmə qərarları › İş №8(060)-218/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-218/2025

18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-218/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, X1 uşaqla ünsiyyət tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2022-ci il təvəllüdlü X4 hər həftənin şənbə günü saat 12.00-dan, bazar günü saat 12.00-a qədər onun yanında qalması şərti ilə ünsiyyətdə olmağına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, hazırkı ərizənin məzmunundan görünür ki, X2 “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarına istinad edərək, icra icraatı qaydasında övladı xx.xx.2022-ci il təvəllüdlü X7 ilə ünsiyyət qaydasının müəyyən edilməsini xahiş edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarında qeyd edilmişdir ki, “Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərin dairəsi nəzərdə tutulsa da, bu zaman uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmələrə izah edilir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir.”; Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”( 3.2) Göründüyü kimi, Plenum Qərarında nikahın pozulması tələbinə baxılarkən valideynin övladı ilə ünsiyyət qaydasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu və məhkəmənin irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxmalı olduğu qeyd edilmişdir. Ərizəyə əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6533/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən isə görünür ki, həmin qətnamə ilə ilkin iddia tələbi və qarşılıqlı iddia tələbləri təmin edilmiş, ilkin iddiaçı X5 ilə qarşılıqlı iddiaçı Cavabdeh arasında 12 oktyabr 2021-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah Evində) bağlanmış 1083 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdeh X3 qazancı və digər gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Göründüyü kimi tərəflər arasında nikahın pozulması tələbinə dair mülki işə məhkəmə tərəfindən artıq baxılmış və müvafiq qətnamə qəbul edilmişdir. Ərizəçi isə nikahın pozulması tələbinə dair mülki iş yekunlaşdıqdan sonra hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, tərəflər arasında uşaqla ünsiyyətə dair hər hansı başqa məhkəmə aktı olmadığından 8 nömrəli icra icraatı qaydasında uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi barədə ərizəyə baxıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı ərizənin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə qaytarılmalıdır. Məhkəmə ərizəçiyə izah edir ki, X3 övladı xx.xx.2022-ci il təvəllüdlü X7 ilə ünsiyyət qaydasının müəyyən edilməsi üçün iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 uşaqla ünsiyyət tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar