Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-244/2025 11.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, X4 Bahadır qızının iştirakı ilə, X4 Bahadır qızının Maraqlı şəxs icra məmuru Elşad Cabbarovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Bahadır qızı Maraqlı şəxs icra məmuru Elşad Cabbarovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2006cı il tarixli qətnaməsinə əsasən onun və ailə üzvlərinin Sumqayıt şəhəri, 3-cü mkr., ev 20/33, 9 saylı mənzildən çıxarılmaları qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(060)-409/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Apellasiya Məhkəməsinin 1mk-6621/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra məmurun hərəkətsizliyindən icra sənədi üzrə tələbkar X2 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(105)-184/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(060)-409/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2022-ci ildə X2 mənzilə dair öz adına reyestrdən çıxarış almışdır. Bundan sonra X2 mənzildən onları çıxara bilmədiyindən Tələbkar ilə danışıqlara girmiş və mübahisəli mənzili xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 30000 manata ona guya satmışdır. Müqavilə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində təsdiq edilmiş, bundan sonra isə cavabdeh Tələbkar adına xx.xx.2023-cü il tarixli çıxarış alınmışdır. Bu şəxs isə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların oradan çıxarılmaqları barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun- Abbasova Kifayət Bahadır qızı, X3 və Cavabdeh Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33, mənzil 9-dan çıxarılmaları qət olunmuşdur. O, ailə üzvləri ilə 23 ildir ki, bu mənzildə yaşayır. Onun həyat yoldaşı N. Abbasovun hər iki ayağı amputasiya edilmiş və 1-ci dərəcəli əlil olmaqla yataq xəstəsi idi, lakin cavabdehin bizə qarşı etdiyi təzyiqlər və hədə-qorxular ona ağır təsir etmiş və o bu əzablara dözməyərək xx.xx.2024cü ildə dünyasını dəyişmişdir. Bundan başqa onunla bir ünvanda şizofreniyanın paranoid formasından əziyyət çəkən 1-ci dərəcəli ruhi xəstə olan oğlu X1 da yaşayır. Bu mənzildə yaşadıqları 23 il ərzində onlar bütün qazanc və gəlirlərini bu mənzilin təmirinə qoymuş və külli miqdarda vəsait sərf etmişlər. « S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi» tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatında yaşadığı bu mənzildə aparılmış təmir və bərpa işlərinin qiymətləndirilməsi aparılmış, həmin hesabat əsasında mənzilin təmirinə çəkilən xərc ümumilikdə 38000 (otuz səkkiz min) manat məbləğində qiymətləndirilmişdir, bu barədə rəyi də iddia tələbinə əlavə edir. Cavabdeh bu mənzilə baxmadan onu dəyərindən 3 dəfə ucuz qiymətə almış və hazırda onun mənzilə çəkdiyi xərclərini ödəmədən onu ailə üzvləri ilə bu mənzildən çıxarmaq istəyir. Mübahisəli mənzil onun yeganə yaşayış yeridir və o, həmin mənzilə çəkilmiş 38000(otuz səkkiz min) manat məbləğində pulun Tələbkar Elxan oğlundan alınaraq ona qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Həmin iddia üzrə 2(060)-8375/2025 saylı mülki iş Sumqayıt şəhər məhkəməsinin hakimi Elmir Hüseynovun icraatında olmaqla məhkəmə prosesi davam edir. O, həmin işin icraata qəbul edilməsi və artıq məhkəmədə baxılması ilə bağlı bütün sənədləri Maraqlı şəxs icra məmuru Elşad Cabbarova təqdim etmiş, lakin icra məmuru onun bu müraciətlərinə baxmayaraq yenə də onun həmin mənzildən çıxarılmağı ilə bağlı icra hərəkətlərini davam etdirir. Qarşı tərəf həmin mənzilə daxil olan kimi bu mənzildə onun tərəfindən aparılmış təmir işlərini qəsdən məhv edəcəkdir ki, həmin mənzilə ekspert gəlib baxa və evə çəkilən xərcləri qiymətləndirə bilməsin. Bu da onun digər tələbinin gələcəkdə icrasını mümkünsüz bir hala salacaqdır. Məhkəmə iclasında X4 Bahadır qızı izahatında bildirdi ki, mənzildən çıxarılmamışdır. 2022-ci il tarixdən həmin mənzildə yaşayır. 100 min manatlıq evi 30 min manata satmışdır. Məhkəmə prosessləri gedə-gedə təzminatını almaq istəyir. Ona görə də ərizənin təmin edilməsini xahiş etdi. Tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə tərəfindən icra işi tələb olunmuş, lakin icra məmuru tərəfindən icra işi məhkəməyə təqdim edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən işə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. Həmin Qanunun 72.3-cü maddəsinə əsasən icra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. Göründüyü kimi, icra məmuru qanunvericiliyin tələbinə uyğun olaraq, icra sənədinin vaxtında icra edilməsi üçün icra hərəkətlərini həyata keçirmişdir. Qeyd olunanlarla müəyyən olunur ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar yoxdur, ərizədə irəli sürülən dəlillər formal olmaqla, heç bir hüquqi əsası yoxdur, ona görə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Bahadır qızının Maraqlı şəxs icra məmuru Elşad Cabbarovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-244/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-244/2025
11.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver