Məhkəmə qərarları › İş №8(060)-32/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-32/2024

22.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-32/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Tələbkar iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(060)-2738/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2738/2023 saylı qətnaməsini hər ay 50 (əlli) manat olmaqla hissəhissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2738/2023 saylı qətnaməsi ilə cavabdeh Borclu maddi zərərə görə 550 (beş yüz əlli) manat, mənəvi zərərə görə 100 (bir yüz) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilən 46 (qırx altı) manat, cəmi 696 (altı yüz doxsan altı) manat pul tutularaq iddiaçı Tələbkar ödənilsin qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Bildirir ki, o, 696 manat məbləğində pulu birbaşa ödəyə bilmir. Buna maddi imkanı yoxdur. O, hər ay 50 manat olmaqla hissə-hissə ödəniş edə bilər. Bildirir ki, o, heç bir yerdə işləmir. Lakin bütün bunlara baxmayaraq o, öz öhdəliyini başa düşür. Bilir ki, öz öhdəliyini icra etməlidir. Hazırda onun həmin məbləği birbaşa ödəməyə gücü çatmır. Lakin o, borcunu ödəməkdən yayınmır. O, hissə-hissə olaraq hər ay borcunu ödəyəcəkdir. Ona görə də hazırkı ərizə ilə onlara müraciət edir. O, Azərbaycan Respublikasının vətəndaşıdır və onun hüquqları dövlət tərəfindən qorunur və müdafiə olunur. Hesab edir ki, qeyd etdikləri nəzərə alınmalı ona köməklik olunmalı və qətnamənin hər ay 50 manat olmaqla hissə-hissə icra olunması üçün qərardad çıxarılmalıdır. Həmçinin qeyd edir ki, o, ailəlidir. Həyat yoldaşı X1 İİ qrup əlildir, heç yerdə işləmir. Ürəyində problem var, yaxın müddət ərzində əməliyyat olunmalıdır. Himayəsində azyaşlı övladı var. Digər övladı tələbədir. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Məhkəmədə Tələbkar ərizəni qəbul etməyərək bildirdi ki, borclu tərəf bu vaxta kimi məhkəmə qətnaməsi ilə onun xeyrinə tutulan məbləğdən heç bir ödəniş etməmişdir. Hazırda o, ayda 50 manat ödənilməsinə razı deyildir. O, yalnız borclu tərəfindən məbləği iki dəfə olmaqla tam ödəməsinə razıdır. Bu səbəbdən ərizəni əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə borclu icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə tərəflərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə tələbkarı dinləyib və iş materiallarını tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2738/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh Borclu maddi zərərə görə 550 (beş yüz əlli) manat, mənəvi zərərə görə 100 (bir yüz) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 46 (qırx altı) manat, cəmi 696 (altı yüz doxsan altı) manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Məhkəmə borclu tərəfindən verilmiş ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.” Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə qeyd edilənləri, borclunun ailə, maddi vəziyyətini, icra sənədinə əsasən mövcud olan borc məbləğini, eləcə də hazırki mərhələdə borclunun başqa qazancının və ya gəlirinin olması ilə bağlı hər hansı bir halın müəyyən edilmədiyini nəzərə alaraq icra sənədinə əsasən borcun hissə-hissə ödənilməsini mümkün hesab edir. Məhkəmə bu qənaətə gələrkən borclunun borcu ödəməkdən yayınmadığını və onun tərəfindən hər ay sistemli şəkildə borcdan müəyyən məbləğ ödəyəcəyini də nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Tələbkar xeyrinə Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(060)-2738/2023 saylı qətnaməsinə əsasən 696 manat məbləğində pul vəsaitinin Borclu tərəfindən Tələbkar xeyrinə hər ay 50 (əlli) manat ödənilməsi şərtilə hissə-hissə icra olunması borclunun əmlak vəziyyəti və iş üzrə müəyyən edilmiş digər hallar baxımından daha məqsədə müvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 231, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Borclu Tələbkar xeyrinə Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(060)-2738/2023 saylı qətnaməsinə əsasən 696 manat məbləğində pul vəsaitinin Borclu tərəfindən Tələbkar xeyrinə hər ay 50 (əlli) manat ödənilməsi şərtilə hissə-hissə icra edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar