Məhkəmə qərarları › İş №8(060)-344/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-344/2025

17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-344/2025 17.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, X2 sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi:

1. X4 icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-384/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh 20 aprel 2009-cu il təvəllüdlü X5 və 22 noyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunduğu tarixdən hesablanmaqla hər ay hər uşağa görə müəyyən olunmuş 200 manat olmaqla, 400 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqına münasibətdə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 384/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsinə əsasən mülki iş üzrə iddiaçı Həsənova (Məmmədova) Aidə Eldar qızı ilə Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 20 aprel 2009-cu il təvəllüdlü X5 və 22 noyabr 2010-cu il təvəllüdlü X11 iddiaçının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün sabit pul məbləğində 200 manat olmaqla, cəmi 400 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. Hal-hazırda 20 aprel 2009-cu il təvəllüdlü X5 və 22 noyabr 2010-cu il təvəllüdlü X6 məktəb xərcləri yetərincə artmış və cavabdehin ödədiyi aliment pulu ilə uşaqların sağlamlıq, təhsil, məişət, qida və sair qayğılarını uşaqların tələbatının ödənilməsinə yetmir. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-384/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması zərurəti yaranmışdır.

Tərəflərin izahatı:

3. X4 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyi üçün, məhkəməyə təqdim edilmiş ərizəyə onun iştirakı olmadan baxılması və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş borclu və tələbkar (ərizəçi)məhkəməyə gəlməsələr də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

6. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). - 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. -8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.

7. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı: Minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.

8. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

İşə baxan məhkəmənin mövqeyi:

10. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.

11. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-384/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə X12 arasında olan Sumqayıt şəhər Nikah evində 30 mart 2007-ci il tarixdə bağlanmış və 408 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 anaları- X7 himayəsində saxlanılmaları, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd) manat sabit pul məbləğində alimentin 27 oktyabr 2023-cü il tarixdən başlayaraq tutulub X9 verilməsi, iş üzrə ödənilmiş rüsumların iddiaçının özünə aid edilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası edilməlidir: 200 manat (qətnamə ilə tutulan alimentin məbləği (1 uşaq üçün) : 345 manat (2023-cü il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,58. Göründüyü kimi, 200 manat 345 manatın 0,58 mislinə bərabərdir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,58 misli həddində indeksasiya edilməlidir.

13. Odur ki, uşağın saxlanılması üçün tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır.

14. İş materiallarından görünür ki, tələbkar aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir.

15. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

16. Şərh olunanlara əsasən xx.xx.2025-ci il tarixindən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli miqdarında aliment Cavabdeh alınaraq, X10 ödənilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

1. Ərizə təmin edilsin.

2. xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh Həsənova (Məmmədova) Aidə Eldar qızının xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunsun.

3. Alimentin indeksasiya olunmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar