Məhkəmə qərarları › İş №8(060)-40/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-40/2024

10.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-40/2024 10.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-993/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-993/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 4825.22 manat məbləğində pul tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-993/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-993/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 4825.22 manat məbləğində pul tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və onlar tərəfindən icra icraatına başlanılmasına dair qərarın və icra sənədinin surəti borcluya təqdim olunmuşdur. Borclunun əmlak və gəlirlərinin müəyyən olunması məqsədi ilə müvafiq orqanlara sorğu ilə müraciət olunmuş, lakin tələbin yönəldilə biləcəyi hər hansı gəlir və əmlakı aşkar olunmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, borcu ödəmək üçün imkanının olmadığını bildirmişdir. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84-1 maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, əvvəl polis nəfəri işləmişdir. Həmin zaman bankdan xeyir iş üçün pul götürmüşdür. Hər ay da ya vaxtında, ya da vaxtından əvvəl ödənişlərini etmişdir. Sonuncu dəfə iclasdan öncəki gün 20 manat məbləğində ödəniş etmişdir. Polis orqanlarında işdən azad olunduqdan sonra imkan cəhətdən müəyyən sıxıntıları olmuşdur. Hal-hazırda taksi fəaliyyəti ilə məşul olur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və işin hallarını araşdırıb hesab edir ki, təqdimat əsaslıdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov tərəfindən qəbul edilmiş 04 aprel 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icraata başlanılması, qərarın surətinin bir gün müddətində məhkəməyə və tərəfə göndərilməsi, qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilə biləcəyi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Borclu ünvanlanmış 04 aprel 2023-cü il tarixli, 73022/23/16 nömrəli bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-993/2023 saylı, xx.xx.2023-cü il tarixli sənədində göstərilən tələbi könüllü olaraq 10 gün müddətində icra etməli olması izah olunmuş, bu müddətdə tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Borclu bildirişi xx.xx.2023-cü il tarixdə almışdır. Məhkəmə təqdimatın iş materiallarına əlavə edilmiş sənədlər əsasında təsdiq olunduğu üçün əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub olmamasını yoxlayır. Həmçinin, həmin Təlimatın 2.4 bəndinə görə, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. X3 Məhkəməsi «Xyustov Rusiyaya qarşı» işi üzrə 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, ərizəçinin ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı icra məmurlarının tələblərində və göstərişlərində borclunun borcu ödəməməsindən başqa, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına haqq qazandıracaq hərhansı bir əsas göstərilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-993/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-993/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar