Məhkəmə qərarları › İş №8(060)-471/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-471/2023

08.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-471/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Tələbkar iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-1605/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1605/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə hər ay üçün 350 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən icra icraatına başlanılmasına dair qərarın və icra sənədinin surəti borcluya təqdim iunmuşdur. Borclunun əmlak və gəlirlərinin müəyyən olunması məqsədilə müvafiq orqanlara sorğu ilə müraciət olunmuş, lakin tələbin yönəldilə biləcəyi hər hansı gəlir və əmlakı aşkar olunmamışdır. xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Borclu aliment pulunu tam ödəmədiyi üçün xx.xx.2023-cü il tarixədək 700 (yeddi yüz) manat aliment borcu yaranmışdır. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, borcu ödəmək üçün imkanının olmadığını bildirmişdir. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır, Məhkəmə iclasında Tələbkar bildirdi ki, borclu icra sənədi üzrə aliment borcundan 600 manat ödəniş etmişdir. Təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru və borclu lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-1605/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə hər ay üçün 350 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri secə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa konvensiyasıa dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu huquqların həyata kecirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.3.5-ci bəndinə əsasən icra sənədi üzrə tələb borclunun əmlakına yönəldikdə borclunun ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Təlimatın 2.8.5-ci bəndinə əsasən icra sənədi tam icra olunduqda məhdudlaşdırılma icra qurumu tərəfindən aradan qaldırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X6 şikayəti üzrə bəzi normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli qərarında qeyd edilmişdir ki; icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1605/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ödənilməmiş aliment məbləği əhəmiyyətli dərəcədə çox deyil, buna görə də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268-269-cu maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1605/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimat rədd edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar