Məhkəmə qərarları › İş №8(060)-473/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-473/2023

30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-473/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-6427 saylı iş üzrə verilmiş 02 dekabr 2020-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6427 saylı iş üzrə verilmiş 02 dekabr 2020ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 170 manat sabit pul məbləğində alimentin 23 oktyabr 2020-ci il tarixdən başlayaraq tutulub 27 iyul 2020-ci il təvəllüdlü X1 yızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Tələbkar verilməlidir. İcra zamanı tələbin təmin edilməsi üçün Borclu məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya İcra şöbəsi tərəfindən aşkar olunmamışdır. Elektron portaldan əldə etdikləri məlumata əsasən Borclu məxsus ********** qeydiyyat nömrəli mənzilin olduğu məlum olunmuşdur. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmov təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)- 6427 saylı iş üzrə verilmiş xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu məxsus ********** qeydiyyat nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulması, əmlakın açıq hərracda satılması və tələbin satışdan əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimata baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə borcluya, tələbkara və Sumqayıt şəhəri üzrə İcra idarəsinə məlumat verilsə də, borclu, tələbkar və icra idarəsi müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata gəlməyən icra sənədi üzrə borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq və məhkəmə belə hesab edir ki, təqdimat təmin olunmamalıdır. İş materiallarında olan Borclu barəsində ******* saylı Seriya RX Çıxarışdan görünür ki, Borclu adına Sumqayıt şəhəri, 5-ci mikrorayon ev 38/6V 23 saylı mənzildə 1/3 hissə payı qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6. maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb, borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Məhkəmə bu normalardan çıxış edərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata həbsin qoyulmasını xahiş etdiyi bağ evinin borclunun yeganə yaşayış sahəsi olmaması və borclunun digər yaşayış sahəsinin olmasına dair sübut əlavə olunmamışdır. İcra haqqında Azərbaycan Respublikası Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti oranı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 saylı qərarının 1-ci bəndinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatı təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-6427 saylı iş üzrə verilmiş 02 dekabr 2020-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar