Məhkəmə qərarları › İş №8(060)-491/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-491/2023

20.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-491/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2299/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi üzrə əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmov təqdimatla Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Borclu məxsus **********90 reyestr nömrəli torpaq sahəsi və **********41-05323-093019 reyestr nömrəli mənzilin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(050)-2299 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 3929,89 manat və iş üzrə ödənilmiş 59,30 manat dövlət rüsumu ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra zamanı tələbin təmin edilməsi üçün borclu X1 məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya aşkar olunmamışdır. Elektron portaldan əldə edilən məlumata əsasən Borclu məxsus **********90 reyestr nömrəli torpaq sahəsi və **********41-05323-093019 reyestr nömrəli mənzilin olduğu məlum olunmuşdur. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, bankdan pulu özü yox, qohumu götürmüşdür. Sadəcə kredit müqaviləsi onun adına rəsmiləşdirilib. Qohumu rəhmətə gedəndən sonra pulu özü ödəməli oldu. Hazırda banka hər ay 50 manat məbləğində ödəniş edir. Təxminən banka 3000 manat borcu qalıb. Təqdimatda göstərilən torpaq sahəsi və mənzil onun mülkiyyətindədir. Lakin, o həmin mənzildə yaşamır. Qeyd edilənlərə əsasən borclu təqdimatın rədd edilməsini xahiş etdi. İş üzrə tələbkara və təqdimatı vermiş icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın nümayəndəsinin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir (45.1.). İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur (50.1.). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir (50.2.). Təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2299/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə ilə müəyyən edilmişdir ki, cavabdeh Borclu cəmi 3929,89 manat və iş üzrə ödənilmiş 59,30 manat dövlət rüsumu ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İşdə olan fiziki şəxs haqqında məlumatdan görünür ki, Borclu mülkiyyətində **********90 reyestr nömrəli torpaq sahəsi və **********41-05323-093019 reyestr nömrəli mənzil vardır. Öncə qeyd edilməlidir ki, borclunun icra sənədi üzrə borcu 3929,89 manat təşkil edir ki, borclunun bildirdiyinə görə həmin məbləğdən ödənişlər etmiş və 3000 manat civarında borcu qalmışdır. Məhkəmə hesab edir ki, həmin borcun ödənilməsi üçün təqdimatda göstərilən hər iki əmlaka tələbin yönəldilməsinə ehtiyac yoxdur. Həmin əmlaklardan birinə tələbin yönəldilməsi icra sənədi üzrə borcun ödənilməsi üçün kifayətdir. Eyni zamanda tələb borcluya məxsus olan əmlaka yönəldilərkən yalnız həmin əmlakın üzərinə həbs qoyulması məhkəmə qərardadına əsasən həyata keçirilir. Həmin əmlakın açıq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi isə icra orqanının səlahiyyətlərinə aid olan məsələdir. Bu səbəbdən təqdimat qismən təmin edilməli, borcluya məxsus olan **********41-05323-093019 reyestr nömrəli mənzilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2299/2022 saylı iş üzrə verilmiş xx.xx.2022ci il tarixli icra sənədi üzrə Borclu məxsus **********41-05323-093019 reyestr nömrəli mənzilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar