Məhkəmə qərarları › İş №8(060)-583/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-583/2023

14.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-583/2023 14.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5216/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə X2 Cavad oğlunun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Cavad oğlu xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5216/2022 saylı qətnaməsi üzrə İddiaçı xeyrinə tutulacaq 11 500 manat pulun və 126 manat dövlət rüsumunun hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(060)-5216/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək ərizəçidən qeyd olunmuş borc müqaviləsi üzrə 11500 manat və 126 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə Ağstafa Rayon İcra Şöbəsindən 11500 manat borcun ödənilməsi barədə bildiriş almışdır. Ərizəçinin qətnaməyə əsasən tutulacaq pul tələbini birdəfəlik ödəməyə imkanı yoxdur. Hal-hazırda öhdəlikləri çoxdur. Onun heç bir gəlir mənbəyi yoxdur. Qohumlarının maddi köməkliyi ilə ailəsini saxlayır. O, tələb olunan məbləği hissə-hissə ödəyə bilər. Tələbkar məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Borclu məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesində səhhəti ilə bağlı olaraq iştirak edə bilməyəcəyini qeyd etmişdir. İş üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə ərizəyə tərəflərin və icra məmurunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5216/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə 11500 manat məbləğində pul və ödənilmiş 126 manat dövlət rüsumunun cavabdeh Hacıyev Dilqəm Cavad oğlundan tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda X2 Cavad oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5216/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (231.1.). Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur (231.2.). Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər (231.4.). “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla işə baxmış məhkəməyə qətnaməni hissə-hissə icra etdirmək səlahiyyəti verilsə də, qətnaməni birdəfəlik icra etmək üçün maddi imkanın olmadığını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Borclu işsiz olması, gəlirinin az olması, adında daşınar və ya daşınmaz əmlak olmaması, digər şəxslər qarşısında öhdəliklərinin olması, himayəsində əmək qabiliyyəti olmayan şəxslərin olması və qətnaməni birdəfəlik icra etməsi üçün maddi imkanının olmadığını təsdiq edən digər sübutları öz ərizəsinə əlavə etməli idi. Lakin borclu qeyd edilən halları təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsaslı sayıla və təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5216/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X2 Cavad oğlunun ərizəsi təmin edilməsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar