Məhkəmə qərarları › İş №8(060)-589/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-589/2023

31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-589/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Baxşəliyevin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6153/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Baxşəliyev Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6153/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-6153/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 7720,12 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və borclunun hazırki tarixə borcu ödənilməmiş qalmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6153/2022 saylı icra sənədinə əsasən iddia təmin edilərək, cavabdeh Borclu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 6468 manat əsas borc, 1139,13 manat faiz borcu, 16,35 manat cərimə borcu olmaqla, ümumilikdə 7623,48 manat məbləğində pul və ödənilmiş 96,64 manat dövlət rüsumu tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Baxşəliyev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6153/2022 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 38873/23/45 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixdə isə Borclu imzası ilə təsdiqləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Baxşəliyevin təqdimatı təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6153/2022 saylı icra sənədi üzrə xx.xx.1996-cı il təvəllüdlü, Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 44 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar