Məhkəmə qərarları › İş №8(060)-597/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-597/2023

31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-597/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Borclu1 iştirakı ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rüfət Məmmədovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1519/2023 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1519/2023 saylı icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 1519/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu şəxslər Borclu1, X2 və Borclu2 müştərək qaydada 25717,05 manat əsas, 2366,7 manat faiz, 198,57 manat cərimə borcu olmaqla, cəmi 28282,32 manat borc və 174,85 manat ödənilmiş dövlət rüsumunun əvəzi Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanmış və borcluya bu haqqda xəbər verilmişdir. Lakin borclu şəxslər Borclu1 və Borclu2 icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etməmiş və nəticədə hazırki dövrədək 28457,17 manat borc olduğu üçün icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Hazırda qalıq borcu 28457,17 manat təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün Ədliyyə Nazirliyinin Elektron İnformasiya Sistemində borcluya məxsus əmlak müəyyən edilməmişdir. Borclu şəxslər Borclu1 və Borclu2 ölkədən getməsi ehtimal olunduğundan ölkədən getmə hüququ məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 1519/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu şəxslər Borclu1 və Borclu2 ölkədən getmə hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Borclu1 təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkarın nümayəndəsi, digər borclular və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1519/2023 saylı icra sənədinə əsasən cavabdeh Borclu1 ilə Tələbkar ASC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli nağd pul layihəsi müqaviləsi ləğv edilməli, cavabdehlər Borclu1, X1 və Borclu2 müştərək qaydada 25717,05 manat əsas, 2366,7 manat faiz borcu, 198,57 manat cərimə borcu, cəmi 28282,32 manat borc və 174,85 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1519/2023 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 133640/23/14 saylı bildirişlərdən görünür ki, borclular Borclu1 və Borclu2 icra sənədini könüllü icra etmək üçün vaxt verilmiş, borclular xx.xx.2023-cü il tarixdə bildirişi aldıqlarını imza edərək təsdiqləmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, təqdimat təmin edilməli və borclular Borclu1 və Borclu2 ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüfət Məmmədovun təqdimatı təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1519/2023 saylı icra sənədi üzrə xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1, xx.xx.1993-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar