Məhkəmə qərarları › İş №8(060)-68/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-68/2024

08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-68/2024 08.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4856/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4856/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3757.16 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq, qərarın surəti könüllü icra haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona icra sənədini dərhal icra etməsi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Borclu dövlət sərhədindən hərəkəti barədə məlumat qeydə alınmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Borclu "xxxx" MMC-də işləyir (mühəndis, informasiya kommunikasiya texnologiyaları üzrə), aylıq əmək haqqı 1455.9 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.2-ci və 2.2.3-cü bəndlərinə əsasən icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Həmin Təlimatın 2.3.5-ci bəndinə əsasən icra sənədi üzrə tələb borclunun əmlakına yönəldikdə borclunun ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Təlimatın 2.8.5-ci bəndinə əsasən icra sənədi tam icra olunduqda məhdudlaşdırılma icra qurumu tərəfindən aradan qaldırılır. Araşdırılan təqdimat və əlavə edilmiş sənədlərdən göründüyü kimi icra məmuru tərəfindən borclu tərəfindən icra sənədini icra edilməməsinin səbəbləri, borclunun icra sənədinin icrasından üzürsüz səbəbdən yayınması halları araşdırılmamış və tələb borclunun əmək haqqısına yönəldilməmişdir (borclu aylıq 1455.9 manat əmək haqqı alır). Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar yaranmamışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin yarandığı göstərilməlidir. Hazırki halda təqdimatda belə bir zərurətin nədə ifadə olunduğu qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Qanunvericilik borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının icra məmurunun hər hansı təqdimatı deyil, əsaslandırılmış təqdimatı əsasında qəbul edilməsini nəzərdə tutur. Təqdimata borclunun əmlak vəziyyətinin yoxlanılmasına, əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirilməsinə, o cümlədən bank əmanətlərinin, əmək haqqının və digər gəlirlərinin müəyyən edilməsinə dair heç bir rəsmi sənəd əlavə olunmamışdır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı kifayət qədər əsaslandırılmadığından və ehtimallara əsaslandığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 263-264-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4856/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar