Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-682/2023 15.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 1775.55 manat məbləğində borc alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 1775.55 manat məbləğində borc alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanmış və borcluya bu haqda xəbər verilmişdir. Lakin Borclu icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən tam icra etməmiş və nəticədə hazırki dövrədək 1775.55 manat borc olduğu üçün icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Borclu ölkədən getməsi ehtimal olunduğundan ölkədən getmə hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84-1 maddəsini rəhbər tutaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 izahat verərək göstərdi ki, məhkəmə qərarından sonra ümumillikdə 350 manat ödəniş olmuşdur. Daha sonra iyun, iyul və avqust aylarında ardıcıl olaraq hər ay 50 manat ödəniş etmişdir. Hazırda ödənilməmiş borc qalmışdır. Qeyd olunanlara əsasən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək göstərdi ki, yazılı formada İcra idarəsində izahat vermişdir. İzahatda yazılmışdır ki, imkanı olmadığından hər ay 50 manat ödəyəcəkdir. İmkanı 50 manat ödəmək üçün çatır. Ona görə də hər ay 50 manat ödəniş edir. Qərar qüvvəyə mindikdən bu günə kimi, heç bir gecikmə olmadan hər ay ödənişləri edir. Əgər gücü çatsa artıq ödəniş edər. Ölkədən getmək ehtimalı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfindən icra işi tələb olunmuş, lakin icra məmuru icra işini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-478/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev tərəfindən qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli e124127/2023-47-49 nömrəli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün 10 gün müddət müəyyən edilmiş, həmin müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi və müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Borclu bildirişin sürətini xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. İş materiallarında olan Borclu tərəfindən Sumqayıt şəhər üzrə İcra İdarəsinə ünvanlanmış izahatdan görünür ki, qeyd olunan icra sənədindən xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi maddi vəziyyəti ilə əlaqədardır. İcra sənədi üzrə həmin tarixə qədər 250 manat ödəniş etmişdir. İcra sənədi üzrə tələbi 1 il ərzində tam şəkildə icra edəcəkdir. Adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlaklardan yalnız torpaq sahəsi vardır. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri yoxdur. Məhkəmə təqdimatın iş materiallarına əlavə edilmiş sənədlər əsasında tədqiq edərək bu qənaətinə gəlir ki, təqdimat, ona əlavə edilmiş sənədlər əsasında təsdiq olunmadığı üçün təmin edilməməlidir. Belə ki, təqdimata icra tədbirlərinin həyata keçirilməsi barədə SMS məlumatlandırma istisna olmaqla, borclunun əmlaka baxış keçirilməsi və digər həyata keçirilən icra tədbirləri barədə məlumat olmadığından icra sənədi üzrə tələb olunan məbləğlə təqdimatla ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasib deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub olmamasını yoxlayır. Həmçinin, həmin Təlimatın 2.4 bəndinə görə, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. X2 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında qeyd olunur ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbirin qanunvericilik qaydasında nizamlanması hüquqi müəyyənlik, habelə mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır. Konstitusiya Məhkəməsi Plenumu bir daha qeyd etmişdir ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. Bu baxımdan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qaydaların qeyri müəyyənliyi hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək konstitusiya hüququnu poza bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Məhkəmə zamanı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borclu barəsində məcburi icra tədbirləri tam həyata keçirilməmişdir. Bundan başqa, X3 Məhkəməsi «Xyustov Rusiyaya qarşı» işi üzrə 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, ərizəçinin ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı icra məmurlarının tələblərində və göstərişlərində borclunun borcu ödəməməsindən başqa, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına haqq qazandıracaq hər-hansı bir əsas göstərilməmişdir. İcra məmurları tərəfindən həmçinin məhdudiyyətin qoyulmasının borcun ödənilməsinə nə dərəcədə təsir göstərəcəyi əsaslandırılmamışdır. X3 Məhkəməsinin fikrincə icra məmurunun tələblərdə və göstərişlərində eyni mətnlərin təkrarlanması onu təsdiq edir ki, icra məmurunun borclunun ölkədən getmək hüququnun məhdudlaşıdırılması ilə bağlı tələb hüququnun yaranmasının əsası kimi yalnız borclunun borcu ödəməməsi olmuşdur. Avropa Məhkəməsinin mövqeyinə görə konkret halda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə Avropa Konvensiyası 4 saylı Protokolun 2-ci maddəsinin (Hərəkət etmək azadlığı) tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Məhkəmənin qənaətinə görə yuxarıda sadalanan maddi hüquq normalarından da məlum olur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması sonuncu və mühüm icra tədbirlərindən biri kimi qiymətləndirilir. İcra məmuru tərəfindən yuxarıda adı çəkilən ardıcıllıqda icra tədbirlərinin həyata keçirilməməsi, borclu tərəfindən tələbin könüllü icrası, icraata başlamaq haqqında qərarlardan məlumatlı olması təsdiq olunmadığını nəzərə alaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-682/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-682/2023
15.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver