Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-74/2024 25.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Rüstəmli Aytən Kamil qızının katibliyi, Tələbkar İsmayılova (Almuradova) Aysel Yaşar qızının, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3407 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3407 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 190 manat olmaqla cəmi 570 manat sabit pul məbləğində aliment Borclu tutularaq İsmayılova (Almuradova) Aysel Yaşar qızına ödənilməlidir. İcra sənədi 01,09.2023-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanmış və borcluya bu haqda xəbər verilmişdir. Lakin Borclu icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etməmiş və məcburi icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Borclu ölkədən getməsi ehtimal olunduğunu ölkədən getmə hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında borclu izahatında göstərdi ki, icra sənədi üzrə borcunu vaxtıvaxtında ödəyir. Odur ki, təqdimatın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar İsmayılova (Almuradova) Aysel Yaşar qızı borclunun alimenti vaxtı-vaxtında öd\diyindən təqdimatın təmin edilməsinə ehtiyac olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, icra məmuru məhkəməyə gəlməmişdir və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyib, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona icra sənədini dərhal icra etməsi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonravətəndaş) Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla, 4-cü bənddə nəzərdə tutulan hallarda isə eyni zamanda dayandırıla bilər: vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə - müvafiq olaraq barəsində cinayət təqibi üzrə icraat başa çatanadək, cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək, yaxud tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək. Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edə bilər. Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.2ci və 2.2.3-cü bəndlərinə əsasən icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.3.5-ci bəndinə əsasən icra sənədi üzrə tələb borclunun əmlakına yönəldikdə borclunun ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Təlimatın 2.8.5-ci bəndinə əsasən icra sənədi tam icra olunduqda məhdudlaşdırılma icra qurumu tərəfindən aradan qaldırılır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. Məhkəmə bununla bağlı da qeyd edir ki, icra məmuru tərəfindən adı çəkilən Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər görülməmişdir. Qeyd olunan hallar məcmu şəklində mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti ilə əlaqədar icra məmuru məhkəməyə müraciət edə bilər. Təqdim olunmuş materialları məhkəmə tərəfindən tədqiq edilərkən qeyd olunan hallara icra məmuru tərəfindən əməl edilmədiyi müəyyən edildi. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda şərh olunan hüquq norması (84-1maddə) «İcra haqqında» Azərbaycan Respublikası Qanununun «Məhkəmə və digər orqanların qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanunvericiliyinin pozulmasına görə məsuliyyət» fəslində əks olunmuşdur. Bu onu göstərir ki, «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» borclunun barəsində tətbiq olunması nəzərdə tutulan məsuliyyət tədbiridir. Şəxsin məsuliyyəti o halda yaranır ki, onun təqsiri sübuta yetirilmiş olsun. Araşdırılan təqdimat və əlavə edilmiş sənədlərdən göründüyü kimi, borclu icra sənədi üzrə ondan tələb olunan aliment borcunu ödəyir, tələbkarın bununla bağlı etirazı yoxdur. Bundan başqa, X7 Məhkəməsi «Xyustov Rusiyaya qarşı» işi üzrə 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, Ərizəçinin ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı icra məmurlarının tələblərində və göstərişlərində borclunun borcu ödəməməsindən başqa, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına haqq qazandıracaq hərhansı bir əsas göstərilməmişdir. İcra məmurları tərəfindən həmçinin məhdudiyyətin qoyulmasının borcun ödənilməsinə nə dərəcədə təsir göstərəcəyi əsaslandırılmamışdır. X7 Məhkəməsinin fikrincə icra məmurunun tələblərdə və göstərişlərində eyni mətnlərin təkrarlanması onu təsdiq edir ki, icra məmurunun borclunun ölkədən getmək hüququnun məhdudlaşıdırılması ilə bağlı tələb hüququnun yaranmasının əsası kimi yalnız borclunun borcu ödəməməsi olmuşdur. Avropa Məhkəməsinin mövqeyinə görə konkret halda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə Avropa Konvensiyası 4 saylı Protokolun 2-ci maddəsinin (Hərəkət etmək azadlığı) tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər və belə bir məhdudiyyətin tətbiqinə qanunvericiliyin ümumi mənası kontekstində yanaşılmalıdır. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilib-edilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması mümkün hesab edilərsə bu, vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin yarandığı göstərilməlidir. Hazırki halda təqdimatda belə bir zərurətin nədə ifadə olunduğu qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Qanunvericilik borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının icra məmurunun hər hansı təqdimatı deyil, əsaslandırılmış təqdimatı əsasında qəbul edilməsini nəzərdə tutur. Araşdırılan təqdimat və əlavə edilmiş sənədlərdən göründüyü kimi, borclu icra sənədi üzrə ondan tələb olunan aliment borcunu ödəyir, tələbkarın bununla bağlı etirazı yoxdur. Odur ki, təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 263-268-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3407 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(060)-74/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-74/2024
25.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver