Məhkəmə qərarları › İş №8(060)-768/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-768/2023

03.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-768/2023 03.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifovanın Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3840/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3840/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3840/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və tərəflərindən icra icraatına başlanılmasına dair qərarın və icra sənədinin surəti borcluya təqdim olunmuşdur. Borclunun əmlak və gəlirlərinin müəyyən olunması məqsədilə müvafiq orqanlara sorğu ilə müraciət olunmuş, lakin tələbin yönəldilə biləcəyi hər hansı gəlir və əmlakı aşkar olunmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, borcu ödəmək üçün imkanının olmadığını bildirmişdir. Hal-hazırda Borclu 5790 manat aliment borcu yaranmışdır. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3840/2022 saylı icra vərəqəsinə əsasən, 12 may 2022-ci il tarixdən başlayaraq Borclu 24 iyul 2018-ci il təvəllüdlü X1 və 08 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifova tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3840/2022 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifova tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3840/2022 saylı icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. Bildirişi aldığını Borclu xx.xx.2023-cü il tarixdə imzası ilə təsdiqləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Günel Yusifovanın təqdimatı təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3840/2022 saylı icra sənədi üzrə borclu xx.xx.1991-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar