Məhkəmə qərarları › İş №8(060)-801/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-801/2023

17.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-801/2023 17.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, X1 Yaşar qızının iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7828/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə X1 Yaşar qızının ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Yaşar qızı xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7828/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsinin hər ay 20 manat olmaqla, hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu pandemiya ilə əlaqədar olaraq ödənişləri yerinə yetirə bilməmişdir. Hal-hazırda imkan daxilində ayda 20 manat olmaqla ödənişləri edir. Lakin qətnamə ilə tutulmuş borc məbləğinin birdəfəlik ödənilməsinə imkanı yoxdur. Nə özü, nə də həyat yoldaşı işləmirlər. Üç uşaq oxudurlar. X1 Yaşar qızı məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə tələbkara və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə ərizəyə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7828/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə “Hoffmann” markalı kombi və seksiya, “Doshek Uretan”, “Alyans-Paris” çarpayı, dolab, termo və tumba üçün 1891 manat ödənilməmiş hissə və 200 manat dəbbə pulu olmaqla, cəmi 2091 manat borc və 20 manat dövlət rüsumunun cavabdeh Hüseynova Könül Yaşar qızından tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. Hazırda X1 Yaşar qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7828/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (231.1.). Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur (231.2.). Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər (231.4.). “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi borclunun əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla işə baxmış məhkəməyə qətnaməni hissə-hissə icra etdirmək səlahiyyəti verilsə də, qətnaməni birdəfəlik icra etmək üçün maddi imkanın olmadığını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Borclu gəlirinin az olması, adında daşınar və ya daşınmaz əmlak olmaması, digər şəxslər qarşısında öhdəliklərinin olması, himayəsində əmək qabiliyyəti olmayan şəxslərin olması və qətnaməni birdəfəlik icra etməsi üçün maddi imkanının olmadığını təsdiq edən sübutları öz ərizəsinə əlavə etməli idi. Lakin borclu qeyd edilən halları təsdiq edən hər hansı sənədi ərizəsinə əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsaslı sayıla və təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7828/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 Yaşar qızının ərizəsi təmin edilməsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar