Məhkəmə qərarları › İş №8(060)-812/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-812/2023

13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-812/2023 13.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, X3 Teymur oğlunun “icra məmurunun hərəkətləri (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi”nə dair verdiyi ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Teymur oğlu “icra məmurunun hərəkətləri (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq İddiaçı “aliment tələbinə dair” mülki iş üzrə cavabdeh olaraq Musayev Elnur Teymur oğlu Sumqayıt Şəhər Məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən “İddiaçı ilə aralarında olan alimentin ödənilməsi ilə bağlı” qətnamə qət edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi isə öz növbəsində 2(060)-1719/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə ilə iddia tələbini qismən təmin etmiş və onun İddiaçı ilə övladı xx.xx.2011-ci il təvəllüdlü X4 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutularaq anası olaraq İddiaçı ödənilməsi barəsində qətnamə qət etmişdir. Daha sonra isə, qətnamə icra olunması üçün aidiyyəti üzrə Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra X1 adlı icra məmuru tərəfindən müvafiq olaraq icraata başlama haqqında qərar qəbul edilmişdir. Bildirmək istəyir ki, icra məmurunun icraata başlama haqqında qərarı ona göndərilməmişdir. Daha sonra, Vəlizadə Nicat adlı icra məmuru özü onunla telefon vasitəsi ilə əlaqə saxladı. Bildirmək istəyir ki, o, cavabdeh olaraq alimenti vaxtı-vaxtında ödəmişdir. Həmçinin, nəzərə çatdırmaq istəyir ki, 2021-ci ilin iyun ayından 2023-cü ilin iyun ayına kimi onlar birlikdə yaşamışlar. O, İddiaçı və övladlarının bütün maddi və mənəvi ehtiyaclarını bütünlükdə ödəmişdir. Bunu ərizəyə əlavə olaraq foto şəkillər ilə təsdiq edir. Həmçinin onların birlikdə yaşadıqlarını qonşuları və qohumları da təsdiq edə bilər. Buna baxmayaraq, icra məmurunun hesablamasına görə 8160 manat borc pul yığılıb. Dəfələrlə icra məmuruna icra sənədinin icra edilməməsi barəsində şikayətlərini bildirsə də, bu zamanadək heç bir tədbir görülməmişdir, icra məmurunun bu kimi hərəkətsizliyinin səbəbi isə indiyədək qaranlıq qalmışdır. Sonuncu dəfə isə Vəlizadə Nicat adlı icra məmuru ilə əlaqə saxladıqda, o kobud şəkildə bildirdi ki, “hara istəyirsən şikayət elə”. Lakin, bu sözlərdən sonra heç əlaqə saxlamayıb, eləcə də telefonlarına da cavab vermir. Yenə də heç bir nəticə əldə edə bilməmişdir. Buna baxmayaraq, birlikdə olduqları 2 il müddətində aliment borcu hesablanıb və bu borc 8160 manat təşkil edir. Halbuki o, onların bütün nəvaciblərini qarşılayırdı. Bunu icra məmuru olan Vəlizadə Nicata məlumat verməyinə baxmayaraq, aliment borcunu dayandırmayıb. Borcluya icra məmurunun icraata başlanma haqqında qərarı vaxtında gəlməyib. İcra vərəqəsinin bildirişi xx.xx.2020-ci ildə tərtib olunduğuna baxmayaraq, icra məmurunun icraata başlaması barədə bildiriş xx.xx.2023-cü ildə göndərilib. Borclu ondan asılı olmayan səbəblərdən ötrü yaranmış problemlə əlaqədar o, apellyasiya şikayəti vermək üçün prosessual müddəti ötürmüşdür. Belə ki, məhkəmədən bildirilmişdir ki, qətnamə ona poçt vasitəsi ilə onun pasport qeydiyyatında olduğu ünvana göndərilmişdir. Lakin borclu qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün ona poçt vasitəsi ilə heç bir sənəd çatmamışdır. Yuxarıda qeyd olunanlardan aydın olaraq görünür ki, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Vəlizadə Nicat icra sənədinin icra olunmasına laqeyd yanaşmış, icra sənədinin icra edilməsinə süni maneələr yaratmışdır. İcra məmurunun bu işə laqeyd yanaşmasına görə o, şikayət müddətin itirmişdir. Göstərilənlərə əsasən Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Vəlizadə Nicat tərəfindən verilmiş 18/48252/20-19 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və itirilmiş prosesual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə məhkəmə aidiyyəti qaydalarına və qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1719/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Musayev Elnur Teymur oğlundan 04 fevral 2020-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 oğlunun və xx.xx.2012-cü il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin "xxxx" LTD Şirkətinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 18/48252/20-19 saylı məktubundan görünür ki, vergilər çıxıldıqdan sonra borc məbləği bitənədək X3 Teymur oğluna çatacaq əmək haqqından hər ay 50%-nin, borc məbləği bitdikdən sonra isə hər ay 340 manat miqdarında alimentin tutularaq tələbkarın məktubda qeyd edilən hesabına köçürülməsinin təmin edilməsi xahiş olunur. Eyni zamanda, hal-hazırda ödənilməmimş aliment borcu 8160 manat təşkil edir. “İcra haqqında“ Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsində isə qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarına görə, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228- 232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir.. Lakin nəzərə alınmalıdır ki, Qanunun həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərini tənzimləyən 21-ci maddəsinə dəyişiklik edilməmişdir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanunauyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qanunvericiliyinin yuxarıda qeyd edilən normalarını və Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında əks olunmuş hüquqi mövqeləri qarşılıqlı şəkildə təhlil etdikdə belə qənaətə gəlmək olar ki, icra sənədi üzrə icraata xitam verilməsi bilavasitə mülki işin davamı olduğundan həman qərardan verilmiş şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmalıdır. Digər hallarda isə qanunvericinin tələbinə uyğun olaraq icra məmurunun hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, icra məmurunun hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə baxılarkən müvafiq hərəkətin qanuniliyinin yoxlanılması məqsədilə icra məmurunun iştirakı təmin edilməli, icra işinin materialları məhkəməyə təqdim edilməlidir. Göstərilən hallar məhkəməyə əlçatımlılığın təmin edilməsinə xidmət edir. O da nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən rayon məhkəməsinin verdiyi icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilmiş şikayətlərə icra məmurunun olduğu yer üzrə inzibati məhkəmə tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən (qərarından) icra məmurunun olduğu yer üzrə müvafiq məhkəməyə ərizə deyil, şikayət verilməli olduğundan ərizə və ona əlavə edilmiş sənədlər borcluya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə: QƏRARA ALDİ: X3 Teymur oğlunun ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar