Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-828/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Tələbkar Bədəlova (Kərimova) Əfsanə Malik qızının, Borclu iştirakları ilə, Tələbkar Bədəlova (Kərimova) Əfsanə Malik qızının aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi:
1. Tələbkar Bədəlova (Kərimova) Əfsanə Malik qızı icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhər Məhkəkməsinin 2(060)- 202/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər birinə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq, hər uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) manat aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o Borclu ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki övladları var. Sumqayıt șəhər Məhkəməsinin 2(060)-202/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, nikah pozulmuş, nikah pozulduqdan sonra uşaqlar onun himayəsinə verilmiș, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər birinə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Borclu tutularaq ona ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1506/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-202/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Borclu verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Övladlarının saxlanması onun üçün çox çətindir. O övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Lakin hal-hazırda uşaqlar böyüdükcə onların problemləri də böyüyür. Cavabdeh isə bir valideyn kimi öz məsuliyyətini dərk etmir. Keçən bu neçə il ərzində yaşayış minumumu dəfələrlə artsa da, cavabdehin yaşayış səviyyəsində kifayət qədər artım baş versə də o, aliment miqdarını artırmamışdır. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Tərəflərin izahatı:
3. Məhkəmə iclasında iştirak edən tələbkar Bədəlova (Kərimova) Əfsanə Malik qızı öz izahatında qeyd etmişdir ki, alimentin artırılmasını istəyir. Cavabdeh 320 manat aliment ödəyir. İddiaçı özü isə kirayə yaşayır. Uşaqların ehtiyaclarını ödəyə bilmir.
4. Məhkəmə iclasında iştirak edən Borclu öz izahatında qeyd etmişdir ki, hazırda işləyir, 700 manat əmək haqqı alır. 320 manat aliment ödəyir. Özü ailəlidir və bir övladı var. Atası, anası da öhdəsindədir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
6. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
7. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,7 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). - 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. -8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.
8. "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı: Minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilsin.
9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
İşə baxan məhkəmənin mövqeyi:
11. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.
12. İş materiallarında olan Sumqayıt șəhər Məhkəməsinin 2(060)-202/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, nikah pozulmuş, nikah pozulduqdan sonra uşaqlar onun himayəsinə verilmiș, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər birinə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Borclu tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası edilməlidir: 160 manat (qətnamə tutulan alimentin məbləği (1 uşaq üçün)) : 250 manat (2020-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,64. Göründüyü kimi, 160 manat 250 manatın 0,64 mislinə bərabərdir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,64 misli həddində indeksasiya edilməlidir.
14. Odur ki, uşağın saxlanılması üçün tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır.
15. İş materiallarından görünür ki, tələbkar aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir.
16. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
17. Şərh olunanlara əsasən xx.xx.2025-ci il tarixindən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli miqdarında aliment Borclu alınaraq Bədəlova (Kərimova) Əfsanə Malik qızına ödənilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
1. Ərizə təmin edilsin.
2. xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün Borclu Bədəlova (Kərimova) Əfsanə Malik qızının xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunsun.
3. Alimentin indeksasiya olunmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Hakim Aynur Behbudova