Məhkəmə qərarları › İş №8(060)-855/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-855/2023

15.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-855/2023 15.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Aqil Məmmədovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2248/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Aqil Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(060)-2248/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2248/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu "xxxx" QBKT MMC-nin xeyrinə cəmi 2792,99 manat məbləğində pul və ödənilmiş 48 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanmış və borcluya bu barədə xəbər verilmişdir. Lakin Borclu icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən icra etməmiş və məcburi icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Borclu ölkədən getməsi ehtimal olunduğundan ölkədən getmə hüququ məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2248/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(060)-2248/2022 saylı icra sənədinə əsasən iddia tələbi təmin edilərək, cavabdeh Borclu 2166 manat əsas borc, 542,06 manat faiz, 84,93 manat cərimə borcu, cəmi 2792,99 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 manat Tələbkar MMM QKBTnin xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2248/2022 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, 115576/22/5 saylı bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2248/2022 saylı icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. Borclu imzası ilə təsdiqləmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: -2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; -2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; -2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Bununla bağlı məhkəmə qeyd edir ki, borclunun icra sənədinin icra edilməsi ilə əlaqədar icra məmurunun çağırışına gəlməkdən və icra hərəkətlərinin könüllü həyata keçirilməsindən yayınmasına dair sübutlar təqdimata əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasının yoxlanılmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlıdır və bu səbəbdən də icra məmurları tərəfindən həmin təqdimatlar yetərincə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Aqil Məmmədovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2248/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Aqil Məmmədovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2248/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar