Məhkəmə qərarları › İş №8(060)-917/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-917/2022

30.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-917/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, X1 və nümayəndəsi Mütəllimli Mətləb Əzizulla oğlunun iştirakları ilə, X2 və X4 «məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 və X6 «məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair» ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası MPM-nin 231-ci, “İcra Haqqında” Qanununun 15-ci və “İpoteka Haqqında” Qanununun 39.4-cü maddəsinin tələblərini, nəvələrinin körpə olmasını və qış vaxtı olmasını nəzərə alaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 197-yə tutmanın yönəldilməsi, mənzildən çıxarılma və boşaldılmasına 1 il müddətinə möhlət verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(060)-2077/2021 saylı qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin cavabdehlər X12, X5, X7, X8, X13 və X9 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X19, X6, X14, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, X15, sonuncunu yetkinlik yaşına çatmayan övladları X17 və X10 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evə istifadə hüquqlarına xitam verilməsi, onların yaşayış sahəsindən çıxarılmaları və həmin evin cavabdehlər tərəfindən boşaldılmaları qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin e- 2(060)-2077/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi cavabdehlər X19 və X5 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bildirir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 197 ünvanındakı ev onların yeganə yaşayış yeridir, təqaüdçüdür, başqa evi yoxdur və digər yerdə yaşamağa imkanı yoxdur, kiraya pulun ödəməyə də imkanı çatmır. Onlar azyaşlı uşaqlarıyla mənzildən çıxarılacağı təqdirində küçəyə atılmış olurlar. Tələbkarın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirak olmadan baxılmasını və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Həsrət Mütəllimli öz izahatında bildirdi ki, mübahisələndirilən evdən başqa onların ayrı yaşayış yeri yoxdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Borclunun nümayəndəsi Mütəllimli Mətləb ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki prosessual qanunvericilik hakimə qanunla müəyyən edilmiş halların mövcudluğu halında, çıxardığı qərarın icrasına möhlət vermək hüququ verir. Belə ki, MPMnin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr, məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, araşdırılan mübahisə üzrə məhkəmə aktının icrasına tələb olunan müddətdə möhlət verilməsi məhkəmə aktının icra müddətini həddən artıq uzatmaqla tələbkarın qanuni mənafeyini, eləcə də məhkəmə qərarlarının icrası ilə bağlı ağlabatanlıq və ədalətlilik meyarlarını pozmuş olar. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici qətnamənin icrasına möhlət verilməsi ilə bağlı borclunun məhkəməyə müraciət etmək hüququnu tanısa da, bu halın məhkəmə tərəfindən tətbiq edilməsinin mümkünlüyünu borclu üçün yaranmış əlverişsiz hallarla şərtləndirmişdir. Araşdırılan ərizə üzrə borclu tələbinin əsası olaraq diqqətəlayiq hallar barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxtdan hazırki vaxtadək keçən müddəti, bu müddət ərzində borclunun məhkəmə aktının icrasına möhlət verilməsinin əsası kimi istinad etdiyi halların aradan qaldırılması ilə bağlı hər hansı hərəkət etməməsinə dair xüsusatları nəzərə alır. Bu göstərilənlərə əsasən məhkəmə ərizənin təmin edilməsi üçün əsaslar görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 və X4 «məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar