Məhkəmə qərarları › İş №8(062)-103/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-103/2024

16.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-103/2024 16.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, X1 iştirakı ilə, X1 icra sənədi üzrə əmək haqqından tutulmanın dayandırılması və əşyaların verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(062)-217/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş X7 verilməsi qeyd olunan əşyaların yerində olması əsas götürülməklə əşyaların götürülərək X7 verilməsi və icra sənədi üzrə əmək haqqından tutmaların dayandırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında ondan və digər cavabdehlərdən keçmiş gəlini X7 məxsus əşyaların alınaraq verilməsi qət edilmişdir. İşin icra mərhələsində Sərvinaz Yusifova yataq mebel dəstinin yararsız olmasını qeyd etmişdir. Hansı ki, həmin mebel istifadəyə yararlı haldadır. Bununla bağlı pensiyasından tutulma olan zaman zənn etmişdir ki, oğlunun aliment öhdəliklərinə görədir. Bu barədə icra məmuru ilə maraqlanmış və məlum olmuşdur ki, "xxxx" MMC deyilən bir təşkilatdan mütəxəssis rəyi alınmışdır. Rəyə görə əşyalar yararsızdır. Halbuki, mebel tamam yararlı halda evdədir. Məhkəmədə işə baxılan zaman yataq mebel dəstinin verilməsini bildirmişdir. Dəyəri 7000 manat göstərilsə də, əslində azdır. Çünki demişlər ki, əgər mebel yerindədirsə qiymətin fərqi yoxdur. İcra məmurundan əşyanın götürülməsini tələb etsələr də, o, bundan imtina etmişdir. Nəzərə alınmalıdır ki, mebelin köhnəlməsi təbii prosesdir və keçmiş gəlini özü istifadə etmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X8 ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, pensiyasından tutulmalar əsassızdır. Çünki əşyaları tələbkar naturada götürməlidir. Əşya mövcud ola-ola onun dəyərinin alınması qanunsuzdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etdi. Tovuz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə material əsasında toplanmış sənədləri araşdıraraq hesab edir ki, icraata xitam verilməlidir. «İcra haqqında» Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Məhkəmə diqqətə çatdırır ki, icra məmurunun borclunun pensiyasına yönəltmə etməsi barədə hərəkəti icra tədbirləri çərçivəsində qanundan doğan tələbdir. Hansı ki, könüllü icra mexanizmi borclu tərəfindən həyata keçirilmir və icra məmuru haqlı olaraq məcburi icra tədbirləri tətbiq edir. Həmin tədbirlərin tətbiqinin hazırki ərizə üzrə məhkəmə qaydasında qarşısının alınması bir növ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilən icra sənədinin icrasını mümkünsüz etmək deməkdir. Bu da yolverilməzdir. Bu durum ərizənin göstərilən hissə üzrə məhkəmə baxışı predmeti olmamasına dəlalət edir. Mülki Prosessual Məcəllənin 15.1-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə göstərir ki, məhkəmə aktlarının icrası məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının icra edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirir. Ona görə də çıxarılmış məhkəmə aktları kağız üzərində qalmamalı, icra edilməklə ədalətin real olaraq bərqərar edilməsi aydın görünməlidir. Məhkəmə göstərir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 6-cı bəndində deyilir ki, «mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı” Qərarında qeyd edilmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində tutulan “məhkəmə baxışına hüquq” xəyali xarakter alacaqdır. Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» 07 may 2002-ci il tarixli qərarında da göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Ərizəçinin digər xahişi yəni - X7 verilməsi qeyd olunan əşyaların yerində olması əsas götürülməklə əşyaların götürülərək X7 verilməsi də hazırki durumda məhkəmə baxışı predmeti ola bilməz. Çünki artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında icra həyata keçirilir. Mövcud hissə üzrə ərizənin təmini qüvvəsini almış qətnamədə göstəriləndən kənar bir hərəkətin edilməsi deməkdir. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Odur ki, X2 ərizəsi üzrə işin icraatına məhkəmədə baxılmalı olmaması əsası xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsində göstərilmişdir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X2 ərizəsi üzrə işin icraatına məhkəmədə baxılmalı olmaması əsası xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar