Məhkəmə qərarları › İş №8(062)-239/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-239/2023

18.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-239/2023 18.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Mustafazadə tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Mustafazadə təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1981-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olmuş, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-373/2023 saylı icra sənədinə əsasən, Borclu xx.xx.2005-ci il təvəllüdlü Emin, xx.xx.2007-ci il təvəllüdlü Elnurə və xx.xx.2009-cu il təvəllüdlü Elmir adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat, cəmi 450 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmışdır. İş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, aliment borcunu ödəməmişdir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiq hesab edilir. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimata baxılması barədə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə göstərir ki, məhkəmə aktlarının icrası məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının icra edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirir. Ona görə də çıxarılmış məhkəmə aktları kağız üzərində qalmamalı, icra edilməklə ədalətin real olaraq bərqərar edilməsi aydın görünməlidir. İş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-373/2023 saylı icra sənədinə əsasən, Borclu xx.xx.2005-ci il təvəllüdlü Emin, xx.xx.2007-ci il təvəllüdlü Elnurə və xx.xx.2009-cu il təvəllüdlü Elmir adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat, cəmi 450 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmiş, icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Hazırda icra sənədi borclu tərəfindən icra olunmur. Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsində göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin maddənin məzmunundan göründüyü kimi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: məhkəmənin qərarı əsasında verilmiş icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra sənədinin icra edilməməsi; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruriliyinin icra məmurunun təqdimatında əsaslandırılması. Bu əsaslardan hər hansı birinin olmaması borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması barədə tələbin kifayət qədər əsaslı olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Hazırki baxılan təqdimat üzrə göstərilən əsaslar mövcuddur. Ona görə də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunamüvafiqdir. Məhkəmə göstərir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 6-cı bəndində deyilir ki, «mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı” Qərarənda qeyd edilmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6cı maddəsində tutulan “məhkəmə baxışına hüquq” xəyali xarakter alacaqdır. Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» 07 may 2002-ci il tarixli qərarında da göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Bu müddəalar məhkəmə aktının vaxtında icrasını təmin etmək məqsədinə xidmət edən məcburiyyət tədbirlərinin tətbiq olunmasını şərtləndirir. Lakin eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının azadlıq hüququnu təsbit edən 28-ci maddəsinin İİİ hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Göründüyü kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması Konstitusiyada nəzərdə tutulmuş fundamental hüquq olan azadlıq hüququnun tərkib hissəsidir. Həmin maddənin İİ hissəsində göstərilir ki, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin ikinci hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu baxımdan borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun konstitusiya əhəmiyyətli hüquqlarına müdaxilə elementini özündə ehtiva edir. Bu cür müdaxilə isə qanunilik və ədalətli tarazlıq prinsiplərinə cavab verməlidir. Qanunilik prinsipi o deməkdir ki, məhdudlaşdırmanın qanuni əsasları olmalı, qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. «Ədalətli balans» prinsipi özlüyündə müdaxilə edilən hüquqa nisbətdə ona bərabər marağın mövcudluğunu nəzərdə tutur. Ölkədən getmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, bu tədbir tətbiq edilərkən, tətbiq edilən vasitə ilə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Hazırda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə baxılan təqdimat bu prinsiplərə cavab verir. Çünki borclu üçün tətbiq olunan məhdudlaşdırma tələbkarın hüquqlarının təmin olunması ilə bağlıdır. Yəni borclunun hərəkət azadlığının müəyyən mənada məhdudlaşdırılması mütənasiblik meyarlarına cavab verir. Bundan başqa, baxılan iş üzrə borc məbləği uşağa ödənilən alimentdən ibarət olduğuna görə, təqdimat həmçinin müəyyən dərəcədə uşaq hüquqları baxımından təhlil olunmalıdır. Çünki Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Bu baxımdan yanaşıldıqda, borclunun ölkədən çıxma hüququnun müvəqqəti məhdudlaşdırılması qanuni məqsəd daşımaqla, uşaqların mənafelərinin təmin olunmasından ibarət cəmiyyətin marağı ilə borclunun təməl hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı pozmayacaqdır. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Mustafazadə tərəfindən verilmiş təqdimat təmin edilsin. xx.xx.1981-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olmuş, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti – Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-373/2023 saylı icra sənədi üzrə yaranmış borc məbləği tam ödəlinədək məhdudlaşdırılsın. Qərardadın icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar