Məhkəmə qərarları › İş №8(062)-385/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-385/2025

29.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-385/2025 29.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1665/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tovuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Tovuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək təqdimatda göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1665/2024 saylı icra sənədinə əsasən Borclu 1932.62 manat məbləğində pul vəsaiti və 39.33 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC –nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsinin icrası zamanı Borclu borcunu ödəməsi üçün bütün mümkün tədbirlər görülməsinə baxmayaraq, borclu borcunu ödəmədiyindən icra vərəqini icra etmək mümkün olmamışdır. İcra vərəqəsi Tovuz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və 21.08. 2024-cü il tarixli qərarla icraata başlanılmışdır. Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq çağırışlara gəlmir. Borclunun əmlakı vəziyyəti barədə sorğular edilmiş, lakin hər hansı əmlak aşkar edilməmişdir.Məhkəmənin icra sənədində göstərilən tələbin təmin edilməsi və borclunun Azərbaycan Respublikasının hüdudlarından kənara getmək məhkəmə qərarının icrasından yayınmasının qarşısının alınması məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə müvafiq olaraq, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, belə qərara gəlir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1665/2024 saylı icra sənədi icra olunması üçün Tovuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafıq icra tədbirləri həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfındən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdim olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli 2(062)-1665/2024 saylı icra sənədinə əsasən 21.08. 2024-cü il tarixdən başlayaraq, Borclu 1932.62 manat məbləğində pul vəsaiti və 39.33 manat dövlət rüsumu tutularaq tələbkar Kapital Bank” ASC –nin xeyrinə ödənilməsi qət edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Lakin icraata başlamaq haqqında qərar qəbul edilməmiş və iş materiallarına əlavə edilməmişdir. İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin maddənin məzmunundan göründüyü kimi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: məhkəmənin qərarı əsasında verilmiş icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra sənədinin icra edilməməsi; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruriliyinin icra məmurunun təqdimatında əsaslandırılması. Bu əsaslardan hər hansı birinin olmaması borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması barədə tələbin kifayət qədər əsaslı olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Hazırki baxılan təqdimat üzrə göstərilən əsaslar mövcud deyildir. Qeyd olunmalıdır ki, təqdimata əlavə olunmuş sənədlərdə borclunun tələbin könüllü icrası haqqında bildirişi nə vaxt alması, icra məmuru tərəfindən ona xəbərdarlıq edilməsi və ya bu barədə məlumatlı olması görünmür. Belə ki, Borclu icra məmuru tərəfindən hər hansı bir sənədin ünvanlanması və onun tərəfindən alınmasını təsdiq edən sənəd təqdimata əlavə edilməmişdir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci maddəsində göstərilmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə göstərir ki, icra məmuru tərəfindən icra sənədinin icrası üzrə hər hansı tədbirin görülməsi barədə təqdimata müvafiq sübutlar əlavə edilməmişdir. Həmçinin təqdimata əlavə olunmuş sənədlərdən borclunun icra məmurunun çağırışlarına gəlməməsi, tələbi könüllü icra etməməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyi göstərilməmiş və belə halları təsdiq edən sübutlar da təqdimata əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1665/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar