Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-70/2023 27.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Məmmədov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Məmmədov təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan xx.xx.1992-ci ildə anadan olmuş Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(023)-619/2018 saylı icra sənədinə əsasən Borclu qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda 120 manat aliment tutularaq xx.xx.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. İcra sənədi üzrə borcludan izahat alınması üçün dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərilmədən çağırışlara gəlməmişdir. Borclunun hazırda icra sənədi üzrə 1630 manat borcu vardır. Borclu barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmiş və həmin qərar ona göndərilmişdir. Lakin borclu tərəfindən buna məhəl qoyulmamışdır. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimata baxılması barədə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə göstərir ki, məhkəmə aktlarının icrası məhkəmə hakimiyyətinin bütövlüyünün təmin olunmasında xüsusi yer tutur. Məhkəmə hakimiyyəti orqanının bu və ya digər aktının icra edilməsinin meyarı məhkəmə hakimiyyətinin cəmiyyətdə əsas təyinatını əks etdirir. Ona görə də çıxarılmış məhkəmə aktları kağız üzərində qalmamalı, icra edilməklə ədalətin real olaraq bərqərar edilməsi aydın görünməlidir. İş materialları ilə müəyyən edilir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(023)-619/2018 saylı icra sənədinə əsasən Borclu qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda 120 manat aliment tutularaq xx.xx.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmiş, icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu çağırışa məhəl qoymadığı üçün borclunun məcburi gətirilməsi barədə icra məmuru qərar qəbul etmişdir. Məhkəmə diqqətə çatdırır ki, borclunun icra sənədinin icrasına biganə yanaşması və icra məmurunun cağırışlarına əməl etməməsi onun icra sənədini icra etmək niyyətinin olmamasına dəlalət edir. Bununla yanaşı icra məmuru tərəfindən hazırki təqdimatla məhkəməyə müraciət edilən zaman «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməmişdir. Belə ki, «İcra haqqında» Qanunun 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Qeyd edilən madənin 8.5-ci bəndində isə göstərilmişdir ki, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə diqqətə çatdırır ki, məcburi gətirilmə barədə icra məmurunun qərarının qəbul edilməsi mərhələsinə kimi ilk növbədə icra məmuru icra hərəkətlərinin iştirakçıları üçün qanunla müəyyən edilmiş tədbirlər görməli və göstərilən tədbirlər nəticə vermədiyi hallarda məhz qanunvericiliyin müəyyən etdiyi digər icra haqqında qanunvericiliyin pozulmasına görə məsulliyyəti müəyyən edən səlahiyyətindən istifadə etməlidir. İşin halları bu yöndə təhlil edilən zaman nəzərə alınmalıdır ki, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilməsi üçün icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması kimi hallar müəyyən edilməlidir. Ona görə də icra məmuru icra sənədi daxil olduqda icra haqqında qanunun tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Eyni zamanda bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin və icraata başlamaq haqqında qərarın borcluya göndərilməsinə və ya rəsmi çatdırılmasına dair sənəd əlavə edilməmişdir. Belə olan halda qeyd olunan xüsusatlar borclunun məcburi gətirilməsi ilə bağlı təqdimatın məhkəmə tərəfindən təmin edilməsinə əsas ola bilməz. Məhkəmə qeyd edir ki, belə vəziyyətdə borcluya həmin sənədlərin həqiqətən göndərilməsini və onun tərəfindən alınmasını müəyyən etmədən, eyni zamanda prosessual müddətlər gözlənilmədən borclunun məcburi gətirilməsi barədə təqdimatın təmin edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməz olmaqla yanaşı məhkəmə qərarı ilə şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına da səbəb ola bilər. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda təqdimatın təmin edilməsi qanunamüvafiq deyildir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Borclu məcburi gətirilməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Məmmədov tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №8(062)-70/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-70/2023
27.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver