Məhkəmə qərarları › İş №8(062)-71/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №8(062)-71/2023

27.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 8(062)-71/2023 27.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Asif Hüseynov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Asif Hüseynov təqdimatla Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu Qovlar şəhəri Təzə məhlə ünvanında qeydiyyatda olan Borclu iş günləri saat 12:00-dan gec olmayaraq məcburi gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-1021/2017 saylı icra vərəqəsinə əsasən, xx.xx.2017-ci il tarixdən başlayaraq, Borclu hər ay 100 manat sabit pul məbləğində aliment alınıb tərəflərin birgə yaşayışlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş Mələk adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 verilməsi qət edilmişdir. Borclu tərəfindən könüllü icra üçün müəyyən olunmuş vaxtda tələb icra olunmamışdır. İcra sənədi üzrə borclunun izahatı alınması üçün dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərilmədən çağırışlara gəlməmişdir. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimata baxılması barədə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. İcra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Eyni zamanda icra məmurunun özü tərəfindən borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilərək borcluya göndərilmiş, lakin həm bildirişlərin, həm də qərarın çatdırılması barədə sübutlar təqdim edilməmişdir. Məhkəmə diqqətə çatdırır ki, borclunun icra sənədinin icrasına biganə yanaşması və icra məmurunun cağırışlarına əməl etməməsi onun icra sənədini icra etmək niyyətinin olmamasına dəlalət edir. Bununla yanaşı icra məmuru tərəfindən hazırki təqdimatla məhkəməyə müraciət edilən zaman «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməmişdir. Belə ki, «İcra haqqında» Qanunun 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Qeyd edilən madənin 8.5-ci bəndində isə göstərilmişdir ki, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə diqqətə çatdırır ki, məcburi gətirilmə barədə icra məmurunun qərarının qəbul edilməsi mərhələsinə kimi ilk növbədə icra məmuru icra hərəkətlərinin iştirakçıları üçün qanunla müəyyən edilmiş tədbirlər görməli və göstərilən tədbirlər nəticə vermədiyi hallarda məhz qanunvericiliyin müəyyən etdiyi digər icra haqqında qanunvericiliyin pozulmasına görə məsulliyyəti müəyyən edən səlahiyyətindən istifadə etməlidir. İşin halları bu yöndə təhlil edilərək nəzərə alınmalıdır ki, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilməsi üçün icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması kimi hallar müəyyən edilməlidir. Ona görə də icra məmuru icra sənədi daxil olduqda icra haqqında qanunun tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Eyni zamanda bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İş materiallarına tələbin könüllü icrası barədə bildirişin və məcburi gətirilmə barədə qərarın Borclu tərəfindən qəbul edilməsi barədə heç bir sübut əlavə edilməmişdir, bu da borclunun icra şöbəsinə çağırılması və bu barədə məlumatı olması kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, belə vəziyyətdə borcluya həmin sənədlərin həqiqətən göndərilməsini və onun tərəfindən alınmasını müəyyən etmədən, borclunun məcburi gətirilməsi barədə təqdimatın təmin edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməz olmaqla yanaşı məhkəmə qərarı ilə şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına da səbəb ola bilər. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda təqdimatın təmin edilməsi qanunamüvafiq deyildir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Borclu məcburi gətirilməsi barədə Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Asif Hüseynov tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar