Məhkəmə qərarları › İş №8(063)-73/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №8(063)-73/2025

24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 8(063)-73/2025 24.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və maraqlı şəxs (borclu) Borclu iştirakları ilə, Ərizəçi (tələbkar) Nuriyeva (Xəlilova) Əsmər Şahin qızının alimentin indeksasiyası barədə ərizəsinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (tələbkar) Nuriyeva (Xəlilova) Əsmər Şahin qızı alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 iyul 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli miqdarında indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən onunla Borclu arasında olan nikah pozulmuş, uşaq-Fatimə onun himayəsinə verilmiş və uşaq üçün 100 manat aliment müəyən edilmişdir. Hazırda Fatimə üçün ödənilən aliment çox azdır. Odur ki, alimentin alimentin indeksasiyası barədə ona köməklik etməyi xahiş edir. Hazırda ölkə özrə minimum əmək haqqı 400 manat olduğundan həmin alimentin miqdarı indeksasiya olunmalıdır. Ərizəçi (tələbkar) Nuriyeva (Xəlilova) Əsmər Şahin qızı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsaslanaraq ərizəyə ərizəçinin-tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs (borclu) Borclu məhkəmə iclasında ərizəni qəbul etməyərək təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, ərizəçinin ərizəsi ilə tanış olmuşdur, ərizə ilə razı deyildir, belə ki, o, "xxxx" ASC-də nəzarətçi-mühəndis işləyir, aylıq əmək haqqı 575 manat təşkil edir, bundan əlavə, evlidir. Məhkəmə, maraqlı şəxs (borclu) Borclu izahatını dinləyərək, ərizəni və iş materialarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Ucar Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(063)-58/2018 nömrəli qətnaməsi ilə iddiaçı Borclu cavabdeh X4 qarşı nikahın pozulması barədə iddiası təmin edilmiş, iddiaçı Borclu ilə cavabdeh X6 arasında bağlanılmış və 12 yanvar 2011-ci il tarixdə Ucar rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeydə alınmış nikahın pozulması, 18 iyul 2011-ci il tarixdə doğulmuş X2 anası X3 yanında qalması, Borclu 12 fevral 2018-ci il tarixdən başlayaraq 18 iyul 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi, qətnamənin aliment tutulması hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İşdə olan 27 sentyabr 2011-ci ildə verilmiş AZ-İİ 700274 nömrəli doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, atası Borclu, anası X6 olan X5 18 iyul 2011-ci ildə Ucar rayonu, Qazyan kəndində doğulmuşdur. İşdə olan 15 may 2018-ci ildə verilmiş AZ-İ 285145 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah ləğv edilmiş və bu barədə 15 may 2018-ci ildə Ucar rayon qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, ərizəçi (tələbkar), Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, maraqlı şəxs (borclu), Ucar şəhəri, X10 küçəsi, ev 51-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul ediyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Həmin Qanunun 3-cü maddəsinə əsasən indeksləşdirmə obyektləri aşağıdakılardır və indeksləşdirilməlidir: - müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; - birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); - vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; - Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; - Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; - aliment. Xüsusi mülkiyyət, sahibkarlığın fərdi əmək və digər bütün formaları əsasında, habelə fərdi icarə (qrup icarəsi) əsasında fəaliyyət göstərən müəssisələrdə və kooperativlərdə, eləcə də fərdi kəndli təsərrüfatlarında müqavilə və ya üzvlük şərtləri ilə çalışanların gəlirləri də bu Qanuna müvafiq surətdə indeksləşdirilə bilər. Həmin şəxslərin gəlirlərinin indeksləşdirilməsi şərtləri onların sahibkarla (idarə heyəti ilə) bağladıqları müqavilələrdə müəyyən olunur. İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir. Həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən, müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 saylı Qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəllsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74=255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Eyni zamanda, tərəflərə izah edilsin ki, həmin Qərarın 8.4-2-ci və 8.4-3-cü bəndlərində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə alimentin müəyyən edildiyi vaxta – 2018-ci ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin (130 manat olması) artımını nəzərə alaraq hesab edir ki, Ucar Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(063)-58/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,769 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 08 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 18 iyul 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Nuriyeva (Xəlilova) Əsmər Şahin qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,769 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır (ərizə məhkəməyə 08 iyul 2025-ci il tarixdə daxil olduğundan ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği həmin il üçün müəyyən edilən məbləğdə hesablanmalıdır, yəni 400 manat x 0,769 = 307,6 manat). Məhkəmə, maraqlı şəxsin (borclunun) izahatı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyinin tələbinə əsasən o, valideyn kimi uşağını saxlamağa borcludur, aliment ödəyən valideynin kifayət qədər qazanca malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin olunsun. 08 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 18 iyul 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Nuriyeva (Xəlilova) Əsmər Şahin qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,769 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar