Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 8(063)-89/2025 08.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, tələbkar (iddiaçı) Tələbkar və borclu (cavabdeh) Borclu iştirakları ilə, Tələbkar (iddiaçı) Tələbkar indeksasiya haqqında ərizəsinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar (iddiaçı) Tələbkar indeksasiya haqqında ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin təmin olunması, 11 avqust 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının indeksasiyasına uyğun olaraq qanunamüvafiq formada alimentin müəyyən edilməsi qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 2(063)-640/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 11 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(012)-6176/2017 nömrəli qətnaməsinə əsasən hər ay sabit pul məbləğində tutulan 136 manat 60 qəpik alimentin miqdarı artırılaraq hər ay üçün 160 (yüz altmış) manat müəyyən edilməsi və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh Borclu tutulub 11 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi qət edilmişdir. 2019-cu il tarixdən bu günə kimi borclu ona cəmi 160 manat məbləğində aliment ödəyir. Həmin pul isə yetkinlik yaşına çatmaqda olan və məktəbli Ramilin heç bir xərcini ödəmir. Borclunun bir ata kimi tək vəzifəsi övladına cəmi 160 manat məbləğində aliment pulunu verməkdir. Dəfələrlə qanunla müəyyən olunmuş qaydada ona bu il üçün hər ay 250 manat məbləğində pul ödəməsini xahiş etmişdir. Çünki neçə ildir ki, borcluya güzəşt etmiş, borclu isə bu fürsətdən sui-istifadə edir. İllərdir ki, bir oğluna görə ona cəmi 160 manat məbləğində pul ödəyir. Ona görə də artıq alimenti artırmaq qərarına gəlmişdir. Tələbkar (iddiaçı) Tələbkar məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, uşaq hazırda 6-cı sinifdə oxuyur, tələbatları və xərcləri artmışdır, aylıq xərci təxminən 500 manat təşkil edir. Borclu (cavabdeh) Borclu məhkəmə iclasında ərizəni qəbul etməyərək təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, maddi cəhətdən imkanı yoxdur, heç yerdə işləmir, Ramildən başqa əlavə olaraq himayəsində iki uşağı da var. Əvvəllər imkanı olanda uşaqla maraqlanmış və imkanı daxilində köməklik etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, ərizəni və iş materialarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(063)-640/2019 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı aliment məbləğinin həcminin artırılması barədə iddiası qismən təmin edilmiş, 11 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(012)-6176/2017 nömrəli qətnaməsinə əsasən hər ay sabit pul məbləğində tutulan 136 (bir yüz otuz altı) manat 60 (altmış) qəpik alimentin miqdarı artırılaraq hər ay üçün 160 (bir yüz altmış) manat müəyyən edilməsi və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh Borclu tutulub 11 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Tələbkar verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Borclu, anası Tələbkar olan X4 11 avqust 2013-cü ildə doğulmuşdur. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu 11 avqust 2013-cü ildə Tələbkar doğulmuş X2 atası hesab edilmişdir. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, tələbkar (iddiaçı), Ucar rayonu, Lək kəndində qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, borclu (cavabdeh), Cəlilabad şəhəri, Dədə Qorqud küçəsi, ev 10-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul ediyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Həmin Qanunun 3-cü maddəsinə əsasən indeksləşdirmə obyektləri aşağıdakılardır və indeksləşdirilməlidir: - müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; - birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); - vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; - Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; - Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; - aliment. Xüsusi mülkiyyət, sahibkarlığın fərdi əmək və digər bütün formaları əsasında, habelə fərdi icarə (qrup icarəsi) əsasında fəaliyyət göstərən müəssisələrdə və kooperativlərdə, eləcə də fərdi kəndli təsərrüfatlarında müqavilə və ya üzvlük şərtləri ilə çalışanların gəlirləri də bu Qanuna müvafiq surətdə indeksləşdirilə bilər. Həmin şəxslərin gəlirlərinin indeksləşdirilməsi şərtləri onların sahibkarla (idarə heyəti ilə) bağladıqları müqavilələrdə müəyyən olunur. İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir. Həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən, müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 saylı Qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəllsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74=255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Eyni zamanda, tərəflərə izah edilsin ki, həmin Qərarın 8.4-2-ci və 8.4-3-cü bəndlərində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə alimentin müəyyən edildiyi vaxtda, yəni 04 noyabr 2019-cu ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin (250 manat olması) artımını nəzərə alaraq hesab edir ki, Ucar Rayon Məhkəməsinin 04 noyabr 2019cu il tarixli, 2(063)-640/2019 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 19 avqust 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 11 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır (ərizə məhkəməyə 19 avqust 2025-ci il tarixdə daxil olduğundan ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği həmin il üçün müəyyən edilən məbləğdə hesablanmalıdır, yəni 400 manat x 0,64 = 256 manat). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin olunsun. 19 avqust 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 11 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №8(063)-89/2025
Ucar Rayon Məhkəməsi Qərardad — İş №8(063)-89/2025
08.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver