Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-10/2025 12.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, X1 Füzuli Rayon Məhkəməsinin 2(064)-1381/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb:
1. Maraqlı şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (064)-1381/2024 saylı qətnamə ilə xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 180 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 0,695 misli miqdarında indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizəni onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(064)-1381/2024 saylı qətnəməyə əsasən iddiaçı Borclu xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması təhsili və s. bu kimi işlərin aparılması üçün faktiki olaraq kifayət etmir. Ona görə də, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (064)- 1381/2024 saylı qətnamə ilə müəyyən edilmiş-aliment məbləğinin indeksasiya olunması zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslər:
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs (ərizəçi) məhkəmə iclasına gəlməmiş, maraqlı şəxs (ərizəçi) məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:
5. Füzuli Rayon Məhkəməsinin 2(064)-1381/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Borclu xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İşin faktiki halları:
6. Məhkəmə iclasında müəyyən edildi ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-1381/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X5 birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat məbləğində alimenti ödəməyi öhdəsinə götürmüşdür. Ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləği artıdığından və uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olduğundan X4 ərizə ilə məhkəməyə müraciət edərək alimentin indeksasiya olunaraq ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını xahiş edir. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 8."Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı: 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.
9. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: 1.2.1. 8.4-cü bəndə əsasən aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmənin mövqeyi:
11. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-1381/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə bir uşağın saxlanması üçün 180 manat sabit pul məbləğində tutulmuşdur. Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 180 manat məbləğində minimum əmək haqqının 0,52 mislini təşkil edir. Ona görə də, Füzuli Rayon Məhkəməsinin 2(064)-1381/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində (400 x 0,52 = 208 manat) müəyyən edilməlidir. Ərizə digər hissədə təmin olunmamalıdır.
Nəticə:
12. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-1381/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq X5 xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı: Ərizə qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-1381/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq X5 xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə digər hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Səkinəxanım Məmmədli