Məhkəmə qərarları › İş №8(064)-5/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-5/2024

01.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-5/2024 01.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 oğlunun iştirakları ilə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(064)- 1191/2021 saylı icra sənədinin icrası məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tədimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə 27 oktyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar tələbkara, məhkəməyə göndərilmiş, qərar və tələbin icrası haqqında bildiriş icra olunması üçün Borclu qızna rəsmən təqdim edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu əmlak vəziyyətinin yoxlanılması üçün edilmiş elektron sorğular nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər aşkar olunmamışdır. Borclu qızna icra sənədi üzrə borcunun ödənilməsi üçün xəbərdarlıqlar verilsə də, o ümumi borcundan tələbkarın xeyrinə cəmi 500 manat ödəmişdir. Tələbkar "xxxx" MMC 05 fevral 2024-cü il tarixli, 2876/5 saylı ərizə ilə Füzuli rayon icra və Probasiya şöbəsinə müraciət edərək Borclu tələbkar "xxxx" MMC qarşısında öhdəliklərinin olmasını nəzərə alıb borclunun ölkə ərazisinin tərk etməsinin məhdudlaşdırılması barədə müvafiq məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Borclu məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 Füzuli Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(064)-1191/2021 saylı icra sənədi üzrə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Belə ki, Füzuli Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(064)-1191/2021 nömrəli icra sənədindən görünür ki, iddiaçı "xxxx" MMC-nin xeyrinə cavabdeh Borclu xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2.304 manat ödənilməmiş hissə, 200 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 446,8 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 105 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla cəmi 3.105,8 manat manat pul və 30 manat dövlət rüsumu tutulmalıdır. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Füzuli Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(064)- 1191/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmış və Borclu tələbin 10 gün ərzində könüllü icra edilməli olması ona izah edilmişdir. "xxxx" MMC-nin Füzuli rayon filialının Füzuli rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Borclu "xxxx" MMC-nin xeyrinə tutulmalı olan borc ödənildiyi üçün həmin icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2N nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.1. Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, borclu tam şəkildə tələbkara olan borcunu ödəmişdir. Artıq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 Füzuli Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(064)-1191/2021 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar