Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-60/2024 07.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-84/2023 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəsinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu (bundan sonra - Borclu) icra vərəqəsi üzrə borcun hissə-hissə ödənilməsi barədə ərizə ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-84/2023 saylı qətnaməsi üzrə borclu olduğu 17757 manat məbləğində pulun tərəfindən hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızı ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 dünyaya gəlmiş, lakin birgə yaşadıqları dövrlərdə aralarında müxtəlif səbəblərdən söz-söhbət olmuş, sonunda Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(064)-323/2020 saylı qətnaməsi ilə nikah pozulmuş və nikahın pozulması xx.xx.2022-ci il tarixli AZ-İ№479211 saylı nikahın pozulması haqqında şəhadətnamə Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 18 nömrəsi ilə qeydə alınmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(064)-323/2020 saylı qətnaməsi ilə Hacıyeva (Qarayeva) Aygün Əbülfət qızı qismən analıq hüquqlarından məhrum edilmiş, 2010-cu il təvəllüdlü X7 və 2011 -ci il təvəllüdlü X3 himayəsi analarından alınaraq Borcluya verilmişdir.Həmçinin, Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(064)-84/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçı X2 xeyrinə birgə nikah dövründə əldə edilmiş vəsaitə görə 17757 manatın tutulması qət edilmişdi. Hazırda Borclunun himayəsində iki yetkinlik yaşına çatmamış övladı var və o, uşaqlara baxmaq üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Bölmə rəhbəri vəzifəsində işləyərək 600 (altı yüz) manat maaş aldığı işdən xx.xx.2020-ci il tarixdən etibarən öz arzusu ilə çıxaraq yaşlı atasının gəlirləri hesabına yaşamalı olmuşdur. Məhkəmə iclasında iştirak edən Borclu izahatında məhkəməyə bildirdi ki, işdən öz ərizəsi ilə ayrılmışdır. Belə olan halda tələb olunan məbləği birdəfəlik olaraq ödəməsi mümkün deyil. Tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni iş materialları ilə məcmu halında araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya Qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Bundan başqa, Borclu tərəfindən ərizəyə borcun mövcudluğunu ifadə edən məhkəmə qətnaməsi, həmçinin borcun hissə-hissə ödənilməsinə əsas verən halları ifadə edən sübutlar əlavə edilməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-84/2023 saylı icra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-84/2023 saylı icra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-60/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-60/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver