Məhkəmə qərarları › İş №8(064)-64/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-64/2025

24.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-64/2025 24.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şikayətçi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun Ağdam rayon İcra və Probasiya şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu şikayət ilə məhkəməyə müraciət edərək Nərimanov rayon İcra şöbəsinin icra məmuru X12 tərəfindən əsassız və qanunsuz olaraq qəbul edilmiş qərarı ləğv edərək icra işini icra edilməsi üçün yenidən icraya yönədilməsini xahiş etmişdir. Daha sonra şikayətçi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu ərizə ilə məhkəməyə müraciət edərək şikayətdə texniki səhvə yol verildiyini və şikayətin “xahiş etdim” hissəsində “Nərimanov rayon İcra şöbəsi” sözlərinin “Ağdam rayon İcra və Probasiya şöbəsi” kimi oxunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(064)-4466/2016 saylı qətnaməsinə əsasən cavabdehlər X4, X3, X6 və X2 cəmi 1942 (bir min doqquz yüz qırx iki) ABŞ dolları borcun və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra tədbirlərinin həyata keçirilməsi məqsədi ilə aidiyyəti üzrə icra şöbəsinə göndərilmiş, Ağdam rayon İcra və probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs tərəfindən icraata başlanılmış, qeyd olunan müddətdən 2 (iki) aya yaxın müddət ötməsinə baxmayaraq qərar icra edilməmiş, tələb təmin edilməmiş, borcun ödənilməsi istiqamətində hər hansı tutarlı addımlar atılmamışdır. Hazırda qeyd olunan məhkəmə qərarı üzrə qalıq borc 1127,14 (bir min bir yüz iyirmi yeddi dollar 14 sent) ABŞ dolları və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi təşkil edir. Bütün bunlara baxmayaraq Ağdam rayon İcra və probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixində “İcra haqqında" Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığı əsas gətirilərək icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilmişdir. Hesab edir ki, qeyd olunan qərar əsassız olduğu üçün ləğv edilməli və icra işi icra tədbirlərinin davam etdirilməsi üçün yenidən aidiyyəti icra şöbəsinə yönəldilməlidir. Şikayətçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə iclası barədə icra məmuruna məlumat verilən zaman icra işinin materialları da tələb edilmiş, lakin icra məmuru həmin icra işi arxivdə olduğundan hazırda təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarından görünür ki, tələbin yönəldilməsi məqsədilə borclunun mülkiyyətində müvafiq əmlakların olub-olmaması sorğu edilmiş, lakin hər hansı əmlak aşkar edilməmişdir. Ağdam rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Maraqlı şəxs tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması barədə qərar”dan görünür ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-4466/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclular X6 və qeyrilərindən müştərək qaydada cəmi 1942 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməlidir. İcra sənədi iş üzrə borclu X9 aid hissədə icra edilməsi üçün Ağdam rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olubolmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, borclu X7 icra sənədində göstərilən Ağdam rayonu, Salahlı Kəngərli kəndi işğaldan azad edildikdən sonra həmin ərazidə əhalinin məskunlaşması aparılmadığından, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilməsi mümkün olunmadı və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuşdur. Tələbi borclunun ümumi birgə mülkiyyəti hesabına təmin etmək məqsədi ilə borclunun arvadı X5 adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olubolmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun arvadının mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. “İcra haqqında" AR Qanununun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Bütün bunları nəzərə alaraq İcra sənədinin Füzuli Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. Azərbaycan Respublikası İcra haqqında qanunun 70.4-cü maddəsinin tələbinə görə, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbindən aydın olur ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddənin qeyd olunan bəndinin məzmunundan göründüyü kimi, icra sənədinin qaytarılmasına əsas kimi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması müddəası ilə yanaşı, eyni zamanda borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi tələbi də nəzərdə tutulmuşdur. Mübahisələndirilən qərarda icra qeydinin qaytarılmasının səbəbi kimi borclunun mülkiyyətində heç bir əmlakın aşkar edilməməsi göstərilmişdir. Halbuki, icra sənədinin qaytarılması hallarını tənzimləyən yuxarıda qeyd edilmiş normalarda yalnız bu hala görə icra sənədinin qaytarılması nəzərdə tutulmamışdır. O da qeyd edilməlidir ki, mübahisələndirilən qərarın məzmunundan görünür ki, borclunun mülkiyyətində yalnız daşınmaz əmlakların olub-olmaması sorğu edimiş, borclunun mülkiyyətində daşınar əşyaların da ola biləcəyi nəzərə alınmamışdır. O da qeyd edilməlidir ki, borc məbləğinin aşağı olması həmin borcun hər hansı daşınar əşyaya da yönələ biləcəyi imkanını mümkün edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Ona görə də, məhkəmə hesab edir ki, şikayət təmin edilməli və Ağdam rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Ağdam rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Maraqlı şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-4466/2016 saylı icra sənədinin qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-4466/2016 saylı icra vərəqəsi yenidən icra yönədilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar