Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-96/2025 15.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, tələbkar X2 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1614/2022 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1614/2022 nömrəli qətnaməsi ilə 10500 manat məbləğində pulun və 122 manat dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçı X3 ödənilməlidir. Hazırda Borclu məhkəməyə ərizə ilə müraciət edərək həmin icra sənədinin hissəhissə icra olunması barədə qərardad çıxarılmasını xahiş edir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, hal-hazırda qeyd olunan icra sənədi üzrə maddi imkanının olmaması səbəbi ilə ödəniş edə bilməmişdir. İcra sənədi üzrə ödəniləcək məbləği birdəfəlik icra etməyə maddi imkanı yoxdur. Belə ki, Füzuli rayonundan məcburi köçkündür. Himayəsində bir yetkinlik yaşına çatmayan 21 iyun 2009-cü il təvəllüdlü Könül və xx.xx.2005-ci il təvəllüdlü Şəbnəm adlı iki uşağı var. Özü ikinci qrup əlildir. Sabit işi və gəliri yoxdur. Məhz bu səbəblərdən Füzuli Rayon Məhkəməsinin 2(064)-1614/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini birdəfəlik olaraq icra etmək iqtidarında deyil. Əgər Füzuli Rayon Məhkəməsinin 2(064)-1614/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan tutulan pulun hissə-hissə icra edilməsi barədə qərardad çıxarılarsa, bununla da o, tələbkara olan borcumu hissə-hissə ödəyəcək. Əlavə olaraq bildirir ki, Maraqlı şəxs depozitinə 500 manat məbləğində pul ödəniş etmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş tələbkar X1 qətnamənin hissə-hissə icra olunması barədə ərizəni qəbul etmədiyini bildirmiş və bundan əlavə qeyd etmişdir ki, bu günə qədər borclu onun xeyrinə heç bir ödəniş etməmişdir. O, borcludan pulunu tam şəkildə tələb edir. Buna görə də borclunun pulun hissə-hissə ödənilməsi barədə ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, ərizəçi (borclu), habelə icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tələbkarı dinləyib, ərizəni və əlavə olunmuş sənədləri araşdırıb, belə qənaətə gəlir ki, qətnamənin hissə-hissə icra olunması barədə ərizə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12 və 13-cü bəndlərinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmə bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Möhlətin müddətini, hissə-hissə icranın ayrı-ayrı hissələrinin məbləğini və ya miqdarını, hissələrinin dövriliyini müəyyən edərkən ağlabatanlıq və ədalətlilik meyarlarını rəhbər tutmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 №-li Qərarının 6-cı bəndinə görə Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. İş üzrə sənədlərdən və icra işinin materiallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 10500 manat məbləğində pulun və 122 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə icraya yönəldilmiş, xx.xx.2023-cü il tarixli Maraqlı şəxs “icraata başlamaq haqqında” qərarı ilə iş üzrə icraata başlanılmış, keçən müddət ərzində ərizəçi (borclu) tərəfindən yalnız onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildikdən sonra icra sənədi üzrə cəmi 500 manat məbləğində pul ödənilmiş, həmin vaxtdan bu günə qədər yenə də icra sənədi icra olunmamış qalmışdır. Nəticə olaraq məhkəmə bu qənaətə gəlir ki, borclunun ərizəsini əsaslandırarkən istinad etdiyi maddi vəziyyətinin ağır olması, heç yerdə işləməməsi kimi hallar qətnamənin hissə-hissə icra olunmasını şərtləndirən müstəsna hallar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Füzuli Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(064)-1614/2022 saylı qətnaməsini hissə-hissə icra olunması barədə ərizəsi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1614/2022 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəçi (borclu) Borclu ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №8(064)-96/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-96/2025
15.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver