Məhkəmə qərarları › İş №8(066)-115/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-115/2025

21.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-115/2025 21.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi və Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, Göygöl rayon İcra və Probasiya Şöbəsinin 2(066)-581/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə ərizəçi Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 2(066)-581/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu əsas borc üzrə 2213,44 manat, faiz borcu üzrə 146,05 manat olmaqla cəmi 2359,49 (iki min üç yüz əlli doqquz manat qırx doqquz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 43,59 (qırx üç manat əlli doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarına əsasən, icra sənədinin Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərardan narazı qalan Tələbkar ASC-nin nümayəndəsi İsa Kərim şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin 2(066)-581/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-581/2024 saylı icra sənədi üzrə Borclu Tələbkar ASC-nin xeyrinə, cəmi 2359,89 manat məbləğində kredit borcunun və 43,59 manat dövlət rüsumunun tutulması təklif edilmiş və icra qeydi icra olunması üçün Göygöl rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu həmin icra qeydini icra etməmişdir. Göygöl rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-581/2024 saylı icra qeydi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.2-ci və 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İcra məmuru borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclu ailəlidirsə nikah dövründə ərinin (arvadının) adına hər hansı bir daşınar və daşınmaz əmlakının olub-olmamasını müəyyən etməmişdir. Göygöl rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi qeyd edilsə də, Tələbkar ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. İcra sənədinin qaytarılması haqqında qərar onlara xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahatında icra məmuru Vüsalə Bağırova tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli “icra sənədinin qaytarılması barədə qərarı müdafiə edərək bildirdi ki, "Elektron icra informasiya" sistemində borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması yoxlanılmış və borclunun mülkiyyətində heç bir əmlak və gəlir aşkar edilməmişdir. İcra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda borclunun yaşadığı evə keçirilmiş baxış zamanı borcluya məxsus, icra sənədində göstərilən tələbi icra edə biləcək hər hansı əşya, əmlak tərəflərindən aşkar edilmədiyi qeyd edilmişdir. Odur ki, şikayətin əsassız olduğuna görə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Tələbkar ASC-nə və Borclu məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edilənləri aşağıdakılarla əsaslandırır: İcra işinin materialları məhkəmə iclasında tədqiq edilmiş: Göygöl Rayon Məhkəməsinin 2(066)-581/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu əsas borc üzrə 2213,44 manat, faiz borcu üzrə 146,05 manat olmaqla cəmi 2359,49 (iki min üç yüz əlli doqquz manat qırx doqquz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 43,59 (qırx üç manat əlli doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsalə Bağırova tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması barədə” qərarına əsasən, "Elektron icra informasiya" sistemi borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və yoxlanılmış borclunun mülkiyyətində heç bir əmlak və gəlirin aşkar edilməməsi, həmçinin, borclu X1 icra sənədində göstərilən ünvanında borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib olunması qeyd edilmişdir. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmurları-X7, X9, hal şahidləri X2 və X6 iştirakı ilə xx.xx.2024-cü il tarixdə Göygöl şəhərində tərtib edilmiş aktın surətindən görünür ki, Borclu yaşadığı evə baxış keçirilən zaman göstərilən ünvanda borcluya məxsus icra sənədində göstərilən tələbi icra edə biləcək hər hansı əşya, əmlak tərəflərindən aşkar edilməmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumata əsasən, Borclu ″XANKƏNDİ İNVEST″ Məhdud Məsuliyyətli Cəmiyyətində işləməklə əmək haqqı alması müəyyən edilmişdir. İcra haqqında" Azərbaycan Respublikası Qanununun: 23.1.3-cü maddəsinə əsasən, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə qaytarılır; 23.2-ci maddəsinə görə, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir; 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. İstinad edilən normaların məzmunundan göründüyü kimi, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmadığı və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyi halda icra sənədini məhkəməyə qaytarmaq icra məmurunun vəzifəsi kimi nəzərdə tutulmuşdur. İcra sənədinin bu əsasla qaytarılması üçün icra məmuru Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmaqla, bu barədə tələbkara məlumat verilməlidir. Qanunun tələbindən göründüyü kimi, bu halda məhkəmənin icraya nəzarət çərçivəsində hərəkətləri borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmamasına və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün mümkün tədbirlərin nəticə verməməsi ilə bağlı əsaslandırılmış aktın mövcudluğu, habelə bu haqda tələbkarın məlumatlandırıldığının yoxlanılması ilə məhdudlaşır. Məhkəmələr tələbkarın müraciətində icra sənədinin qaytarılması əsaslarının aradan qalxmasına dair istinad etdiyi halların mövcudluğunu əlavə edilmiş sübutlar baxımından araşdırmalı və yalnız bu hallar öz təsdiqini tapdığı halda müraciət təmin olunmalıdır, əks halda bu icra perspektivi olmayan icra sənədinin yenidən icraya yönəldilməsi ilə nəticələnə bilər. Göründüyü kimi, icra məmuru tərəfindən qərar qəbul olunarkən, icra sənədinin icrasının mümkünsüzlüyü tam araşdırılmamış, icra məmuru tərəfindən “icra sənədinin qaytarılması barədə” qərarda tələbin yönəldilə biləcəyi əmlakın və gəlirlərinin olmaması barədə akt tərtib edilməsi göstərilsə də Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumata əsasən Borclu iş yeri olmaqla əmək haqqı alması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsalə Bağırova tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməli və Göygöl Rayon Məhkəməsinin 2(066)-581/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin edilsin. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsalə Bağırova tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-581/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar