Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-156/2025 09.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, Tələbkar və Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-913/2023 nömrəli icra sənədi üzrə Göygöl rayon İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-913/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla cavabdeh Borclu arasında xx.xx.2021-ci il tarixdə 165 nömrə ilə qeydə alınmış nikahın pozulması; onların birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan 30 yanvar 2022-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması; 30 yanvar 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay qazancının və başqa gəlirlərinin (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Göygöl rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli "İcraata xitam verilməsi haqqında" qərarı ilə Göygöl Rayon Məhkəməsinin 2(066)-913/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Hesab etmişdir ki, Göygöl rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli "İcraata xitam verilməsi haqqında" qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə tərəfindən qət edilmiş aliment uşağın yetkinlik yaşına çatanadək müəyyən edilmişdir. Uşağın hazırda 3 yaşı var, belə çıxır ki, borclu 15 illik aliment borcunu bir dəfəyə ödəmişdir? İcra məmurunun bu mövqeyi təmamilə əsassızdır. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə notariat qaydasında ərizə vermişdir. Həmin ərizədə o, aliment tələbindən imtina etdiyini qeyd etmişdir. Ərizənin yazılma səbəbi borclunun onu aldatmağı olmuşdur. Belə ki, borclu ondan uşağı alıb qaytarmayanda o, uşaq tələbi və alimentin artırılması tələbi ilə Göygöl 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatında borclu aliment tələbindən imtina edilmə barədə ərizə yazdığı halda uşağı qaytarmağa söz verdiyi üçün o, aliment tələbindən imtina barədə xx.xx.2025-ci il tarixdə ərizə vermişdir. Borclunun onu aldatdığını biləndən sonra həmin ərizəni xx.xx.2025-ci il tarixdə ləğv etdirmişdir. Bunu borclu bilmişdir. xx.xx.2025-ci il tarixdə o, Göygöl Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək Göygöl 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞG/1/2024- 00071 nömrəli Barışıq sazişinin etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir və tələbi təmin olunmuşdur. Bütün bu proseslərdən icra məmurunun məlumatı var imiş, çünki o, məhkəmə iclaslarına gedəndə icra məmuruna bildirmişdir. Bundan başqa, onun aliment tələbinə xitam verilməsinə baxmayaraq borclu may qədər aliment ödəmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixdə aliment tələbindən imtina barədə verdiyi ərizədən xx.xx.2025-ci il tarixdə imtina etdiyi üçün ləğv etdirmişdir. Lakin icra məmuru sonuncu ərizəsindən iyirmi gün sonra icaata xitam vermişdir. Həmçinin qeyd etmək istəmişdir ki, qeyd olunan ərizəni o, icra məmuruna təqdim etməmişdir, icra məmuru borclu tərəfindən verildiyi ərizəni tələbkarla, yəni onunla dəqiqləşdirməli idi. Həmçinin alimentdən imtina barədə ərizə borclu tərəfindən alimenti tam şəkildə icra edilməsi anlamına gəlmir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında göstərdi ki, 2025-ci il yanvar ayının 22-də cavabdeh Borclu ilə aralarında barışıq sazişi olmuş və həmin günü Göygöl Rayon Notariat Ofisinə gedərək aliment tələbindən imtina etməsi barədə ərizə yazmışdır. Təxmini fevral ayının 6-sı notariat ofisində aliment tələbindən imtina ilə bağlı ərizənin ləğvi barədə yenidən ərizə yazmışdır. İcra sənədi üzrə aliment ödənişləri bir müddət davam etsə də 2025-ci ilin may ayından alimentin ödənilməsi dayanmışdır. O, icra sənədi ilə bağlı aidiyyəti orqanla əlaqə saxlamış və ona icra işinə xitam verildiyi bildirilmişdir. Bundan sonra icra sənədinin icra olunduğu Göygöl Rayon İcra və Probasiya Şöbəsindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı əldə edərək həmin qərardan Göygöl Rayon Məhkəməsinə şikayət vermişdir. Əlavə olaraq bildirdi ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı 11 iyun 2025-ci il tarixdə qəbul etmiş, lakin bununla hər hansı qəbz saxlanılmamış, sadəcə qəbul etdiyi sənədin üzərinə ayın tarixini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının 1/4 miqdarında alimentin tutularaq tələbkar X4 ödənilməsi qərara alınmışdır. İcra sənədi 19 fevral 2025-ci il tarixdə Xəzər Rayon İcra Şöbəsindən aidiyyatı üzrə Göygöl Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi aidiyyəti üzrə göndərilən zaman icra sənədinə Tələbkar alimentdən imtina ilə bağlı notarial qaydada yazılmış ərizəsi də əlavə olunmuşdur. Bununla da icra sənədi üzrə tələb edən və aliment tələbi olmadığına görə 25 fevral 2025-ci il tarixdə tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Daha sonra tələbkar icra sənədinin icrası ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsinə müraciət edən zaman aliment tələbindən imtina etməsi ilə bağlı təkrar notarial qaydada ərizə vermiş olduğunu bildirsə də, Göygöl Rayon İcra və Probasiya Şöbəsinə icra sənədi daxil olan zaman aliment tələbindən imtinaya dair notarial təsdiqli ərizənin ləğvi ilə bağlı hər hansı sənəd daxil olmadığı üçün icra sənədi üzrə icraata xitam verildiyi tələbkara bildirilmişdir. Bundan sonra tələbkar sözügedən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan məhkəməyə şikayət etmişdir. Əlavə olaraq bildirdi ki, hazırda tələbkarın icra sənədi üzrə icraata xitam verilməsi qərarını əldə etmə tarixi ilə bağlı rəsmi sübut mövcud deyil. Məhkəmə iş üzrə tələbkar və icra məmurunun izahatını dinləyib və iş materiallarını araşdırıb, hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3-cü maddəsinə əsasən İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-cü maddəsinə əsasən İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İstinad edilən normaların məzmunundan göründüyü kimi, tərəflər icraata xitam verilməsi barədə icra məmurunun qərarı onlara rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi haqqında qərardan da göründüyü kimi Göygöl Rayon Məhkəməsinin 2(066)-913/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi barədə qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Hazırda iş üzrə Tələbkar icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı əldə etmə tarixi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən tələbkar tərəfindən verilmiş şikayət prosessual müddətin ötürülməsi ilə verilmiş hesab edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 913/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə Tələbkar tərəfindən verilmiş şikayət məhkəmə müraciətlə bağlı müddət ötürüldüyündən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Göygöl Rayon Məhkəməsinin 2(066)-913/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə Tələbkar tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №8(066)-156/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-156/2025
09.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver