Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-161/2025 09.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, Borclu iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-949/2024 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiyası edilməsi barədə ərizəçi (tələbkar) Borclu qızı tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (tələbkar) Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-949/2024 saylı qətnaməsi əsasında xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay sabit məbləğdə tutulan 190 manat alimentin indeksasiya olunması məsələsinə baxılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1066/2023 saylı qətnaməsinə əsasən Borclu ilə qeyri rəsmi nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 170 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Yenidən alimentin artırılması üçün xx.xx.2024-cü il tarixli, 2(066)-949/2024 saylı qətnaməsinə əsasən alimentin miqdarı 190 manata çatdırılmışdır. Göygöl Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi qanuni qüvvəsini almaqla 2024-cü ildən icraya yönəldilmişdir və icra işi açılmaqla hazırda Maraqlı şəxs icraatındadır. Göründüyü kimi Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-949/2024 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği 2025-ci il üzrə yaşayış minimumuna uyğun indeksasiya edilməlidir. Məhkəmə iclasında Borclu izahatında göstərdi ki, o, üçüncü qrup əlildir, 150 manat məbləğində pensiya alır, həmin pensiya ilə məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğini çətinliklə ödəyir, daha artıq məbləğdə aliment ödəməyə imkanı çatmır. Göstərilənləri nəzərə alaraq aliment məbləğinin indeksasiya olunması ilə bağlı ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Tələbkar məhkəmə iclasına gəlməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-949/2024 nömrəli qətnaməsinə əsasən 04 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu tutulan, Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(066)-1066/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, 190 (bir yüz doxsan) manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, cavabdeh Borclu tutulub, iddiaçı Tələbkar verilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə borclunu dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-2-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işə götürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir”. Həmin Qərarın 8.9-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Qərarın 8.9-2-ci bəndində göstərilmişdir ki, alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər, yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması qətnamənin icra qaydasında baxılır. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında ölkə üzrə minimum əmək haqqı 2024-cü il üzrə 345 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2024-cü il üzrə 345 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi təmin edilməli, 2024-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) mislini təşkil etdiyindən, məhkəməyə müraciət olunduğu tarixdən – yəni xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 949/2024 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində indeksasiya edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-949/2024 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində indeksasiya edilsin. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №8(066)-161/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-161/2025
09.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver