Məhkəmə qərarları › İş №8(066)-7/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №8(066)-7/2025

10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(066)-7/2025 10.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, ərizəçi (tələbkar) X4 və Borclu iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiyası edilməsi barədə ərizəçi (tələbkar) X7 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (tələbkar) X7 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu ilə birgə nikahlarından dünyaya gəlmiş 09 iyun 2015-ci il təvəllüdlü X1 üçün aliment məbləğinin indeksasiya edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh Borclu ilə 10 fevral 2014-cü il tarixində rəsmi qeydiyyatdan keçməklə ailə qurmuş, birgə nikahlarından 09 iyun 2015-ci il təvəllüdlü X8 adlı bir övladları dünyaya gəlmişdir. Cavabdeh Borclu ilə aralarında daima narazılıqlar olmuş, Göygöl rayon Məhkəməsinin 2(066)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında birgə nikahlarından dünyaya gəlmiş 09 iyun 2015-ci il təvəllüdlü X1 üçün 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda məhkəmə tərəfindən kəsilmiş aliment onun uşağının saxlanılması üçün kifayət etmir. Bu səbəbdən alimentin artırılmasına ehtiyac vardır. Hazırda azyaşlı uşaqla birlikdə maddi çətinlik çəkir. Məhkəmə iclasında ərizəçi (tələbkar) X7 ərizəsini müdafiə edərək və ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, onun uşağı az yaşlı olması səbəbindən işləyə bilmir. Uşaqların tələbatları atmışdır. Odur ki, ərizəsinin təmin edilməsini və qətnamənin indeksasiya edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahatında göstərdi ki, o, güclə hər ay vaxtı-vaxtında alimentini ödəyir. Alimenti ödəməkdə çətinlik çəkir. Bu səbəbdən alimentin indeksasiya edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1992-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 12429783 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. (atası Borclu, anası Zeynalova İradə) Göygöl RİHB-nın Hacıməlik qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 816862 nömrəli, 10 fevral 2014-cü il tarixli nikah haqqında şəahdətnamənin surətindən görünür ki, Borclu və X9 10 fevral 2014-cü il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin fevral ayının 10-cu günündə 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiаçı X4 cavabdeh Borclu qаrşı “sabit pul məbləğində aliment” tələbinə dair iddiаsı qismən təmin edilmiş, 09 iyun 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi, Borclu оğlundаn 41 (qırx bir) mаnаt dövlət rüsumu аlınаrаq dövlət büdcəsinə ödənilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 22 noyabr 2023-cü il tarixdən müəyyən edilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-2-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işə götürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. Həmin Qərarın 8.9-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Qərarın 8.9-2-ci bəndində göstərilmişdir ki, Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər, yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması qətnamənin icra qaydasında baxılır. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 232-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında ölkə üzrə minimum əmək haqqı 2023-cü il üzrə 345 manat, 2024-cü il üzrə 345 manat, 2025-ci il üzrə isə 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il və 2024-cü il üzrə 345 manat; 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi təmin edilməli, 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2023-cü il üzrə müəyyən edilmiş (175:345=0,51) manat məbləğində minimum əmək haqqının 0,51 (sıfır əlli bir) mislini təşkil etdiyindən, məhkəməyə müraciət olunduğu tarixdən – yəni xx.xx.2025-ci il tarixdən etibarən 09 iyun 2015-ci il təvəllüdlü X2 üçün Göygöl Rayon Məhkəməsinin 2(066)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu X4 xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,51 misli (400 x 0,51 = 204 manat) misli həddində indeksasiya edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,51 (sıfır əlli bir) misli həddində indeksasiya edilsin. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar